TEC M.Füzuliyə həsr olunmuş elmi seminar keçirib
BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Məhəmməd Füzulinin lirikasında və “Leyli və Məcnun” poemasında yer alan dini süjetlər” mövzusunda elmi seminar təşkil olunub. Tədbirdə Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov, həmin kafedranın dosenti Firəngiz Kərimli, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in elmi işçisi Samirə Məmmədova və tələbələr iştirak ediblər.
Elmi seminarda TEC-in üzvləri Zərintac Şükürzadə və Nuridə İsmayılova mövzu ilə bağlı geniş məruzə ediblər. Belə ki, Zərintac Şükürzadə M.Füzulinin “Leyli və Məcnun” poemasında yer alan dini süjet və obrazlar haqqında məlumat verib və Füzulinin türk mifologiyasının bəzi elementlərindən istifadə edərək əsərə mifik dünyagörüşü və irfani təsəvvür gətirdiyini faktlarla diqqətə çatdırıb.
Nuridə İsmayılova M.Füzulinin “Leyli və Məcnun” poemasında və şairin lirikasında yer alan ilahi eşq məsələləri ilə bağlı məruzə edib. Məruzəçi şairin yaradıcılığından gətirdiyi nümunələrlə fikrini əsaslandıraraq belə nəticəyə gəlib ki, haqqında danışılan poemanın Məcnunu Qeysdirsə, şairin məhəbbət lirikasının Məcnunu Füzuli özüdür.
Sonra məruzəçilərə suallar ünvanlanıb, mövzu ətrafında çıxışlar edilib.
Sonda Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov tələbələrin çıxışları ilə bağlı fikirlərini bölüşüb, onlara öz tövsiyələrini verib, TEC-in fəaliyyətinə uğurlar arzulayıb.