TEC kitab təqdimatı keçirib
BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan dilçiliyi kafedrasının doktorantı Simnar Əlizadənin “Bilgə xaqan abidəsinin leksikası” adlı kitabının təqdimatı keçirilib.
Türkologiya kafedrasında keçirilən tədbiri giriş sözü ilə açan “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov Simnar Əlizadənin hələ bakalavriat səviyyəsində təhsil alarkən Tələbə Elmi Cəmiyyətinin üzvü olmasından, akademik göstəricilərinin uğurlu olması ilə yanaşı, fakültənin elmi həyatında aktiv iştirak etməsindən söz açıb, gənc tədqiqatçıların bu cür fəaliyyətinin tələbələr üçün də nümunəvi addım olduğunu diqqətə çatdırıb.
Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədli kafedranın magistrantı olarkən S.Əlizadənin dərslərinə qarşı intizamlı olmasından və elmi işinə məsuliyyətlə yanaşmasından bəhs edib, gənc araşdırıcının elmi rəhbəri kimi həmin dövrdə yazdığı və hazırda monoqrafiya şəklində çap edilmiş magistr dissertasiyanın məziyyətləri haqqında məlumat verib.
Sonra Azərbaycan dilçiliyi kafedrasının müdiri, S.Əlizadənin fəlsəfə doktorluğu dissertasiyanın elmi rəhbəri professor Tofiq Hacıyev və Türkologiya kafedrasının dosenti İslam Vəliyev doktorantın şəxsi keyfiyyətlərindən, nəşr olunan tədqiqat işinin tələbələr və gənc tədqiqatçılar üçün əhəmiyyətindən danışıb, müəllifə uğurlar arzulayıblar.
Sonda Simnar Əlizadə çıxış edənlərə və kitabın ərsəyə gəlməsində ona dəstək müəllimlərə təşəkkür edib, kollektivin etimadını doğruldacağını bildirib.
Qeyd edək ki, S.Əlizadə “Bilgə xaqan abidəsinin leksikası” adlı monoqrafiyasını magistr dissertasiyasının materialları əsasında hazırlayıb. Kitabın elmi redaktoru Məhərrəm Məmmədli, rəyçiləri isə dosent Afaq Məmmədova və Pərvin Eyvazovdur.