TEC Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminar keçirib
BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Dilşünaslıq” klubunun təşəbbüsü ilə 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə elmi seminar keçirilib. "Şamaxı dialektinin xüsusiyyətləri" mövzusuna həsr olunmuş tədbirdə fakültənin müəllim və tələbələri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov Tələbə Elmi Cəmiyyətinin tələbələrin elmi fəaliyyətə cəlb olunması yönündə yaratdığı imkanlardan söz açaraq, dilimizin gənclər tərəfindən araşdırılmasının əhəmiyyətinə toxunub, belə seminarların davamlı olmasının vacibliyini bildirib, məruzəçiyə uğurlar arzulayıb.
Öncə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş bədii çıxışlar edilib. Filologiya fakültəsinin tələbələri - Aysu İsmayılova Bəxtiyar Vahabzadənin ”Ana dilim”, Nigar Xanəliyeva Abbas Səhhətin “Vətən” şeirini səsləndirib, Nəzrin Aslanlı isə “Ana dilimiz – milli kimliyimiz” mövzusunda çıxış edib. Ardınca Şamaxı şəhərinin tarixi haqqında videoçarx nümayiş olunub.
Sonra Filologiya fakültəsinin II kurs tələbəsi Vüsalə Rizvanova "Şamaxı dialektinin xüsusiyyətləri" adlı məruzə ilə çıxış edib. Məruzəçi Şamaxı dialektinin fonetik, leksik və qrammatik xüsusiyyətləri haqqında geniş məlumat verib, Şamaxı sakinlərinin danışığı ilə bağlı hazırladığı videoçarxı təqdim edib.
Sonda “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov dialektlərin dilimizin tarixində və ədəbi dil normalarının müəyyənləşməsində rolundan danışıb, məruzəyə dair qeydlərini tələbələrin diqqətinə çatdırıb.
Seminar mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.