TEC “Azərbaycan dilində əmr və nida cümlələri” mövzusunda elmi seminar keçirib
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan dilində əmr və nida cümlələri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova, “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Ramil Bayramov, Ümumi dilçilik kafedrasının doktorantları - Səmra Həsənzadə və Şəfəq Nağıyeva, o cümlədən tələbələr iştirak ediblər.
Elmi seminarı giriş sözü ilə açan Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova tələbələrin elmi seminarlarının davamlı olaraq keçirilməsinin əhəmiyyətindən və gənclərin elmə olan marağının artırılmasının vacibliyindən söz açıb, mövzunun türkologiyanın aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb.
“Azərbaycan dilində əmr cümlələrinin işlənmə məqamları və xüsusiyyətləri” ilə bağlı məruzə edən Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Mehrəngiz Qurbanova sadə və mürəkkəb cümlələrin, həmçinin atalar sözlərinin tərkibində işlənən əmr cümlələrin səciyyəvi xüsusiyyətləri, onların ifadə etdiyi məna çalarları, əmr cümlələrinin yazılı abidələrin dilində işlənmə formaları haqqında geniş məlumat verib, nəzəri fikirlərini dil materialları əsasında izah və şərh edib.
Nida cümlələri ilə bağlı məruzə edən Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Nurlanə Abuşova nida cümlələri, onların məna çalarları, işlənmə məqamları ilə bağlı ətraflı məlumat verib.
Sonra tələbələrə suallar ünvanlanıb, məruzələrlə bağlı çıxışlar edilib. Z. Şahbazova, R. Bayramov, Ş. Nağıyeva tələbələrin çıxışlarını yüksək qiymətləndirib, onlara öz tövsiyələrini veriblər.
Seminar müzakirələrlə yekunlaşıb.