Tariximizin qan yaddaşı – Xocalı soyqırımı
Xocalı-bir xalqın göz qanı. Bəli, yaş deyil, qan. Ona görə ki, həmin gün gözlərdən yaş yerinə qan axdı. Xocalı-bir xalqın yalın əli,ayağı. Bəli, yalın əl və ayaq. Ona görə ki, tapılan bütün meyitlərin ayağı yalın, soyuqdan buz tutaraq qaxac olmuşdu. Xocalı-bir şəhərin qanlı yolları. Bəli, qanlı yollar. Ona görə ki, o gün duman çökmüş yollardan qan axırdı. Xocalı-bir xalqın soyqırımı. Bəli, soyqırım. Ona görə ki, o gün 8 ailə tamamilə yer üzündən silindi. Xocalı-ölən 613 arzu, 106 istək, 70 qəlb, 487 yaralı, 1275 dustaq.
Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən azərbaycan türklərinə qarşı törədilən soyqırımdır. Bu gün qanlı faciənin törədilməsindən 32 il ötür. Hər il mütləq ki, 25-dən 26-ına keçən gecə bu haqda nəsə yazıram. Bu səfər tamam ayrı hisslərlə, ayrı düşüncələrlə yazıram yazımı. Çünki hər il bu haqda yazı yazanda qəlbimdən bir sızıltı axır, otağımdan yaralı körpənin ağlama səsi gəlir, anaların sonsuz fəryadı, ataların haqsız viranı divarlarımda əks-səda verir. Ancaq bu səfər fərqlidir, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi:
“Bu gün tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qisası alınıb və onların ruhları şaddır.”
Mən bu yazını kədər və qürur hissi ilə yazıram. Xocalı dəhşətindən sonra onun bəlalı tarixinə çox qələmlər mürəkkəb tökdü. Çox qələmlər onun yasına ağı oxudu. Mənim üçün Xocalını qəlbən hiss etdirən şeirlər var:
Sizi qınamıram ay Xocalılar,
Sizin başınızda şimşək oynadı,
Sizin başınızda dumanlar oldu.
Millətin dağ boyda fəlakətinə,
Gözünün ucuyla dönüb baxmayan,
Nazlanıb gözünü yumanlar oldu!
Zəlimxan Yaqubun da dediyimi kimi, Xocalının başında şimşək oynadı. Həmin dövr ədəbiyyatını araşdıran zaman məni sarsıldan bir məqam oldu. Şeirlərdən, hekayələrdən qan süzülür, vətən həsrəti duyulur. Yazıların sonluqlarında bir ümid duyulur, bir istək səslənir qələmlərin dilindən:
“Qarabağın timsalında ruhu göylərdə süzülənlərin qisası alınsın!”
Bu yazını yazan zaman isə “faciə” sözünün izahlı mənasını axtardım lüğətdə və belə bir cümləylə qarşılaşdım: “Dəhşətli, ağır nəticəli hadisə, fəlakət, müsibət, bədbəxtlik.” Ancaq mən Xocalı faciəsinin, “faciə” sözünün mənasından daha ağır anlamlar daşıdığını bilirəm. Bu gün faciəni bizə çatdıran, o dəhşətləri görməyimizə səbəb olan, ondan söz açarkən “qəhrəman” deyə xitab etdiyim Milli Qəhrəmanımız Çingiz Mustafayevdir. Onun çəkdiyi kadrlar sayəsində bu faciənin ağırlığı faktlaşdırılmış, hətta özü də bu yolda şəhid olmuşdur.
Yazını oxuyan zaman yəqin ki, sizlərə məlum oldu mən niyə bu yazını kövrək hisslərlə, qürurla yazıram. 2020-ci ildə mənim 14 yaşım var idi. Vətən müharibəsi başlayan zaman hələ 14 yaşında idim və hər uğuru, itkini yaxşı dərk edirdim. Dəfələrlə öz-özümə təkrarlayırdım ki, ədəbiyyata yeni nəfəs gələcək. Daha şeirlərdən, hekayələrdən, pyeslərdən qan axmayacaq, onlara yeni rəng, fəsil gələcək. Mərmi atılan, od vurulan misralarda çiçəklər açacaq.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin əzmi, uzaqgörənliyi, şəhid və qazilərimizin səyi nəticəsində Qarabağ işğaldan azad olunmuşdu. Ona görə Ulu Öndərə toxundum ki, ilk dəfə Xocalı Faciəsinə siyasi qiymət verən məhz Heydər Əliyev olmuşdur. Təəccüblü deyildi ki, bu siyasəti İlham Əliyev uğurla yerinə yetirmişdi. Ancaq mən yenə yazılarımda rahatlıq tapmadım. Çünki müharibədə Xocalının kəndləri işğaldan azad olunsa da, şəhər ermənilərdən tam təmizlənməmişdi.
Bəs yazılarım nə vaxt yeni ruh tapdı? 2023-cü il sentyabrın 19-da aparılan anti-terror əməliyyatları nəticəsində Xocalı tamamilə işğaldan azad edildi. Və qeyd etmək istəyirəm ki, bu məsələ Yevlax şəhərində müzakirə edildi. Buna görə təsadüfi olmadı ki, mənim yazılarım yeni can buldu. Bu gün bu yazıları tamamlayarkən bəyaz vərəqimdəki mürəkkəb kirləndi.
Ancaq bu səfər tökülən qan deyildi, göz yaşı idi!
NURAN YAQUB
Filologiya fakültəsinin Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisası üzrə I kurs tələbəsi