Tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib
Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi, tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Hümbət Bədəlov qonağı iştirakçılara təqdim edərək, onun həyat və yaradıcılıq yoluna nəzər salıb. Şairin ədəbiyyata gətirdiyi təzə nəfəs, bədii düşüncənin dərin qatlarından boylanan poetik dünyası tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov çıxışında Qəşəm Nəcəfzadənin zəngin yaradıcılığına toxunaraq onun poeziyasında xalqın ruhunu, torpağın nəfəsini duymağın mümkün olduğunu vurğulayıb.
Sonra söz qonağa — şair Qəşəm Nəcəfzadəyə verilib. Özünəməxsus poetik avazla yazdığı şeirlərini səsləndirən şair, həm də çağdaş ədəbi-bədii proseslərə dair fikirlərini bölüşüb, gənc ədiblərə yaradıcılıqla bağlı dəyərli məsləhətlər verib.
Görüş zamanı şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Ardınca tələbələr öz suallarını səsləndirərək Qəşəm Nəcəfzadə ilə interaktiv söhbət aparıblar. Şair səmimi cavabları ilə tələbələrin maraqlarına doğma bir yanaşma sərgiləyib.
Tədbirdə çıxış edən digər qonaq — şair Ətraf Sərraf da Qəşəm Nəcəfzadənin yaradıcılığına dair fikirlərini bölüşərək, onun poetik dilinin orijinallığından və fikir yükünün dərinliyindən bəhs edib.
Görüşün sonunda Qəşəm Nəcəfzadə öz kitablarını tələbələr üçün imzalayaraq onlara hədiyyə edib.