Tanınmış folklorşünas alim, mərhum Nizami Xəlilovun 75 illiyi qeyd olunub
BDU-nun Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının mərhum professoru, tanınmış folklorşünas alim Nizami Xəlilovun 75 illik yubileyi münasibətilə “Nizami Xəlilov – 75” adlı tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr, mərhumun yaxınları və ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Nizami Xəlilovun həyat və yaradıcılığından bəhs olunan videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov professor Nizami Xəlilovun uzu illər dekan müavini və Elmi şuranın üzvü kimi fəaliyyətindən söz açıb, onun barəsində xatirələrini bölüşüb: “Nizami Xəlilov tədqiqatçı, eyni zamanda pedaqoq olmaqla yanaşı, həm də vəzifə sahibi idi. İllərdir, bu vəzifəni məsuliyyətlə icra edib”.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova Nizami Xəlilovun elmi yaradıcılığı, kafedranın elmi-pedaqoji həyatında rolu haqqında geniş məlumat verib: “Professor Nizami Xəlilov bir folklor araşdırıcısı kimi həyatını Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası ilə bağlamışdı. Ağız ədəbiyyatımızın, xüsusilə aşıq yaradıcılığının tədqiqi, tədrisi və təbliği onun fəaliyyətinin əsasını təşkil edirdi. Onun yüzlərlə məqaləsi, 10-a yaxın kitabı və tədris vəsaiti var”.
Sonra Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru Teymur İlyaslı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məhərrəm Vəliyev, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı tanınmış ziyalının elmi-pedaqoji fəaliyyəti, alim və müəllim kimi şəxsi keyfiyyətləri ilə bağlı çıxışlar edib, onunla bağlı xatirələrini bölüşüblər.
Mərhumun ailə üzvləri adından çıxış edən qardaşı oğlu Azər Xəlilov onun qayğıkeş ailə başçısı, gözəl ata və baba, yardımsevər insan kimi həmişə yaxınları, qohumları və dostları tərəfindən sevildiyini, xeyirxah əməlləri ilə xatirələrdə yaşayacağını bildirib, tədbirin təşkilatçılarına təşəkkür edib.
Tədbirin bədii hissəsində Nizami Xəlilovun sevdiyi şeirlər və mahnılar səsləndirilib. Aşıq İmran Göyçəli və Samir Pənahov mərhum professorun sevdiyi havaları sazda ifa ediblər. Həmçinin BDU-nun Filologiya fakültəsinin tələbələri Hümbət Bədəlov və Aysu Türkel, Tarix fakültəsinin tələbəsi Ramal Qasımov, Bakı Slavyan Universitetinin məzunu Nərgiz Ağasoy şeirlər səsləndirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ceyran Abbaslı isə “Kim bilir?” mahnısını ifa edib.