"Süni intellekt: təhlil və perspektivlər" mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasında "Süni intellekt: təhlil və perspektivlər" mövzusunda elmi seminar keçirilib.
Professor-müəllim heyətinin iştirakı ilə keçirilən elmi seminar süni intellektin müasir cəmiyyət üçün əhəmiyyətinə həsr olunub. Seminarı giriş sözü ilə açan kafedra müdiri, professor Abbasov Abbas, mövzunun elmi və praktiki baxımdan aktuallığını vurğulayıb.
Mövzu ilə bağlı məruzə edən kafedranın müəllimi Mehriban Asif qızı Mehdiyeva qeyd edib ki, süni intellekt (Sİ) insanların düşünmə, öyrənmə və qərarvermə kimi intellektual funksiyalarını təqlid edən kompüter proqramları və sistemləridir. Bu texnologiya maşın öyrənməsi, dərin öyrənmə, təbii dilin işlənməsi və kompüter görməsi kimi sahələri əhatə edir və müasir dünyada səhiyyə, təhsil, maliyyə, kənd təsərrüfatı və nəqliyyat kimi sahələrdə geniş tətbiq olunur.
Məruzədə bildirilib ki, süni intellekt texnologiyaları təkcə insan əməyini yüngülləşdirmir, eyni zamanda daha sürətli və dəqiq nəticələr əldə etməyə imkan verir. Bununla belə, texnologiyanın inkişafı etik və sosial məsələləri də gündəmə gətirir – xüsusilə iş yerlərinin avtomatlaşdırılması və fərdi məlumatların qorunması kimi problemlər qeyd olunub.
Seminar iştirakçıları mövzu ətrafında suallar verib, fikir mübadiləsi aparıblar. Elmi seminar müzakirələrlə yekunlaşıb.