“Сümlənin aktual üzvlənməsi” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Rus dilçiliyi kafedrasında “Сümlənin aktual üzvlənməsi” mövzusunda elmi seminar keçirilib. Rus dilçiliyi kafedrasının əməkdaşlarının iştirakı ilə keçən elmi seminarı giriş sözü ilə açan Rus dilçiliyi kafedrasının müdiri, dosent Elvira Heydərova seminarın mövzusunun aktuallığından söz açaraq, аktual üzvlənmə və mətn sintaksisinin həm mətnin konkret hissəsində, həm də onun bütün təşkili ərzində “məlum”un və “yeni”nin vəziyyətini, mətnin digər linqvistik əlamətlərini araşdırmağa, xüsusiləşmə, parselyasiya, referensiya, ellipsis və yarımçıq cümlə kimi mühüm sintaktik hadisələrin, bədii əsərlərin müəllif və janr xüsusiyyətlərinin, funksional üslubların ən səciyyəvi əlamətlərini öyrənməyə imkan yaratması haqqında mühüm məqamları diqqətə çatdırıb.
Mövzu ilə bağlı məruzə edən Rus dilçiliyi kafedrasının baş müəllimi Nailə Zeynalova qeyd edib ki, aktual üzvlənmə birmənalı olaraq cümlənin semantik-funksional cəhətdən müxtəlif formada istifadəsi faktını əks etdirir. Bununla yanaşı, o həm də cümlənin strukturu ilə sıx bağlıdır, çünki o, cümlənin strukturu vasitəsilə öz ifadəsini tapır. Aktual üzvlənmə ünsiyyətin bütün aspektlərini özündə ehtiva edən mexanizmlərdən biri kimi çıxış edir. Aktual üzvlənmənin mürəkkəb təbiətə malik olması faktı ilə əlaqədar olaraq, ona bir sıra alimlər müxtəlif formada yanaşmışlar. Məruzəçi vurğulayıb ki, mətn komponentlərinin aktual üzvlənməsi, yəni tema – rema əvəzlənməsi mətnin semantikasının öyrənilməsində böyük rola malikdir. Bizim əsas məqsədimiz bütün bu amilləri nəzərə alaraq aktual üzvlənmənin mahiyyətini araşdırmaq və onun mətnin linqvistik təhlilində funksiyalarini aşkar etməkdir.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, məruzə ilə bağlı çıxışlar olunub. Seminar müzakirələrlə yekunlaşıb.