“Söz” Yaradıcılıq Birliyinin növbəti görüşü
BDU-nun Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin növbəti görüşü keçirilib. Görüşdə Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, gənc yazarlar - Günel Ümid və Sevil Gül Nur, Birliyin üzvü olan magistrant və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Birliyin rəhbəri, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu keçirilən görüşün əhəmiyyətindən danışıb, gənc yazarlar Günel Ümid və Sevil Gül Nurun həyat və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, “Söz” Yaradıcılıq Birliyində təmsil olunan tələbələrin respublikanın tanınmış yazarları, ədəbiyyat xadimləri ilə görüşləri daha da genişləndiriləcək.
Sonra Günel Ümid və Sevil Gül Nurun çıxışları dinlənilib. Çıxışlarda qonaqlar ədəbi yaradıcılıq yolundan və metodlarından söz açıb, öz əsərlərindən nümunələr təqdim edib, tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Həmçinin görüşdə Filologiya fakültəsinin tələbələri - Tərlan Allahverdiyeva, Gülarə Quliyeva və Cahan Salmanova öz bədii yaradıcılıqlarından nümunələr səsləndiriblər.
Sonra çıxış edən müəlliflərin əsərləri ətrafında müzakirələr aparılıb, təqdim olunan nümunələrin bədii məziyyətləri şərh olunub, onlara təklif və tövsiyələr verilib.