Slavyan Əlifbası və Mədəniyyəti Gününə həsr olunmuş elmi seminar
BDU-nun Filologiya fakültəsində Rus dilçiliyi kafedrasının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Slavyan Əlifbası və Mədəniyyəti Gününə həsr olunmuş elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Rus dilçiliyi kafedrasının müdiri, dosent Elvira Heydərova bildirib ki, may ayının 24-də bütün slavyan dünyası Slavyan Əlifbası və Mədəniyyəti Gününü qeyd edir. Biz də bu bayramda slavyan xalqlarına qoşuluruq. Çünki həm kafedranın üzvləri, həm də “Filologiya” və “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisasını seçmiş tələbələr öz həyatlarını slavyan mədəniyyəti ilə bağlayıblar. Bu bayram iki maarifçi qardaşlara Kiril və Mefodiyə həsr olunub. Çünki onların sayəsində slavyan xalqları yazmağı öyrəniblər.
Elmi seminarda BDU-nun Filologiya fakültəsinin II kurs, Fl-180-ci qrup tələbələri Fatimə Əzimzadə, Zemfira Yusifova və Fatimə Əsədova təqdimat və məruzələrlə çıxış ediblər. Onlar qlaqolitik və kiril əlifbalarırın yaradılmasından danışıb, bu əlifbalarının fərqli xüsusiyyətlərini qeyd edib və yaranması ilə bağlı alimlərin müxtəlif fikirlərini təqdim ediblər.
Təqdimatda qlaqolitik və kiril əlifbası ilə yazılmış erkən yazılı abidələrin fotoşəkilləri, eləcə də onların təsviri nümayiş etdirilib.
Elmi seminarın iştirakçıları müxtəlif ölkələrdə Slavyan Əlifbası və Mədəniyyəti Gününün qeyd olunmasının xüsusiyyətlərini fəal müzakirə ediblər
Sonda kafedra müdiri, dosent Elvira Heydərova məruzə və təqdimatla çıxış edən Filologiya fakültəsinin tələbələrinə sertifikatlar təqdim edib.