“Siyasi mühacirətin ədəbi mənzərəsi” mövzusunda elmi seminar keçirilib
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-də “Siyasi mühacirətin ədəbi mənzərəsi” mövzusunda elmi seminar keçirilib. Seminarda “Azərbaycan dilçiliyi” kafedrasının, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in əməkdaşları və magistrantlar iştirak ediblər.
Giriş sözü ilə çıxış edən laboratoriyanın müdiri, dosent Nəzakət Hüseynova seminar mövzusunun əhəmiyyətinə toxunub, milli ədəbiyyatın formalaşmasında Azərbaycan mühacirət ədəbiyyatının əhəmiyyətindən bəhs edib.
“Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” elmi tədqiqat laboratoriyasının elmi işçisi Samirə Məmmədova mövzu ilə bağlı geniş məzurə edib, mühacir sənətkarların siyasi səbəblərə görə axın etdikləri xarici ölkələrdə yaratdıqları ədəbi əsərlərə və onların mündəricəsinə diqqət çəkib: “Azərbaycanda 1920-ci ildə rus işğalından sonra o dövrün tarixən yetişmiş görkəmli şəxsiyyətlərdən ibarət böyük bir nəsli xaricə mühacirət etməli oldu. Onların arasında hərəkata ideoloji baxımdan xidmət edən, ən parlaq əsərlərini məhz milli ideoloji əsaslara istinad edərək qələmə almış çox sayda ədəbiyyat adamı vardı. Başqa bir ayrıntı belədir ki, birbaşa ədəbiyyat sahəsində olmayan insanlar da mühacirətdə müstəqillik məsələlərini maksimum qabartmaq üçün ədəbi-elmi fəaliyyətlə məşğul olurdular. Əbdülvahab Yurtsevər və digərlərinin fəaliyyəti buna nümunə ola bilər. Adı çəkilən müəllifin vaxtaşırı yazdığı məqalələrə, kitab və araşdırmalara baxsaq bunun sübutunu dərhal görərik. Klassik əsərlərin, hətta sovet dönəmində qələmə alınmış əsərlərin “mühacir oxusu” insanı heyrətə gətirir. Onlar, mühacirət hərəkatının sıra nəfərindən liderinə - Məhəmməd Əmin Rəsulzadəyə qədər hamı milli ədəbiyyatı yaradan ideyaların bədii mətnlərin cövhərini təşkil etdiyini gözəl bilirdilər”.
Sonra mövzu ilə bağlı çıxışlar edilib. Laboratoriyanın müdiri, dosent Nəzakət Hüseynova, fəlsəfə doktorları Təranə Ağamalıyeva, İradə Kərimova və başqaları məruzəçiyə suallar ünvanlayıb, mövzu ilə bağlı fikirlərini bölüşüblər. Seminar müzakirələrlə yekunlaşıb.