“Sintaktik omonimlik” mövzusunda ustad dərsi
BDU-nun Filologiya fakültəsində Rus dilçiliyi kafedrasının təşəbbüsü ilə “Sintaktik omonimlik” mövzusunda ustad dərsi keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedranın professoru Sevinc Məhərrəmova bildirib ki, 1960-cı illәrdәn başlayaraq “sintaktik omoniklik” anlayışı mühәndis struktur linqvistikasında geniş işıqlandırılıb. Avtomatik tәrcümә ilə əlaqədar olaraq onun işlənilməsi və tətbiqi dilçilikdә, hәr şeydәn öncә, mәtnin komponentlәri olan cümlәlәrdәki çoxmәnalılığı aradan qaldırmaq cәhdi ilә bağlıdır. Buna görә dә struktur linqvistikasında qrammatikanın “bilavasitә tәşkil edәnlәr” konsepsiyası hazırlanıb.
Çıxışda qeyd olunub ki, sintaktik omonimlik dildə söz birləşməsi və cümlə səviyyələrində təzahür edir, omonimliyin digər növlərindən fərdi və mürəkkəb xüsusiyyətlərinə görə fərqlənir; sintaktik omonimlik eyni leksik tərkibə və eyni qrammatik quruluşa malik olub, müxtəlif informasiyaları verə bilən cümlələr səviyyəsində mövcud olur; dilin sintaktik səviyyəsində təzahür edən omonimlik bütün dillər üçün ortaq olan amillərin, yəni sintaktik əlaqələr, söz sırası, cümlənin sintaqmlara bölünməsi və intonasiya kimi amillərin təsiri altında müvafiq dilin öz vasitələri əsasında formalaşır.
Məruzəçi onu da diqqətə çatıdırıb ki, sintaktik omonimlik haqqında sistemli olaraq verilmiş ətraflı məlumatlar gələcəkdə bu mövzuda aparılacaq tədqiqat işlərində, yazılacaq dərslik və ya dərs vəsaitlərində nəzəri bir mənbə kimi istifadə oluna bilər. Sintaktik omonimliyin gələcəkdə tədris proqramına daxil edilməsini və bununla bağlı tədris materialının, dərs vəsaitinin, çalışmalar toplusunun hazırlanmasında tədqiqatın nəticələrindən istifadə edilməsini işin praktik əhəmiyyəti kimi dəyərləndirmək olar.
Sonra Rus dilçiliyi kafedrasının müdiri professor Lalə Quliyeva, kafedranın baş müəllimi Tamilla İbrahimova mövzu ilə bağlı çıxışlar ediblər. Çıxışlarda vurğulanıb ki, sintaktik omonimlərin cümlə və ya mətn daxilində müəyyənləşdirilməsi, sintaktik quruluşun törətdiyi ikimənalılıq hadisəsinin şərhi təbii dil daşıyıçısından dərin dil bilgisi və hadisəyə məntiqlə yanaşma qabiliyyəti tələb edir. Bu baxımdan S.Məhərrəmova müxtəlif dillərdən (rus, Azərbaycan, ingilis) maraqlı faktlar və misallar gətirərək mövzunu aydın şərh edib.