Şəhla Hüseynova Zəfər Gününə həsr olunmuş nümunəvi dərs təşkil edib
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin I kurs, 1658-ci qrupunda Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Hüseynovanın rəhbərliyi ilə “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərimlə qürurluyam” mövzusunda nümunəvi dərs təşkil olunub. Dərsdə Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının professor-müəllim heyəti iştirak edib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fənn müəllimi Şəhla Hüseynova nümunəvi dərsi açıq elan edərək, müəllim və tələbələri Zəfər Günü münasibətilə təbrik edib, gənclərin vətənpərvər ruhda yetişdirilməsində belə dərslərin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Dərs Hüquq fakültəsinin I kurs 1658 qrup tələbələrinin ədəbi-bədii çıxışları ilə davam edib. Dərsdə Qarabağ müharibəsi şəhidlərindən Orxan Şirinovun və Babək Əmirlinin döyüş yolu haqqında ətraflı məlumat verilib, şanlı Zəfərimiz və ölməz qəhrəmanlarımız haqqında videoçarxlar nümayiş etdirilib.
Tələbələrdən H.Lamiyə, Q.Nuray, H.Toğrul, C.Abbas, Ş.Fatimə, Ə.Emin, A.Ruslan, Q.Aytac, M.Fidan, C.Leyla və başqaları Zəfər Gününə həsr olunmuş çıxışlar edib, vətənpərvərlik ruhunda şeirlər səsləndirib, mahnılar ifa ediblər.
Sonda Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyeva çıxış edərək, dərsin təşkilini yüksək qiymətləndirib, tələbələrə uğurlar arzulayıb.