Şəhid məzunumuz Kənan Məmmədovun xatirəsi yad edilib
BDU-nun Filologiya fakültəsində BDU Könüllüləri və Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə Filologiya fakültəsinin məzunu, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi Kənan Niftalı oğlu Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov xalqımızın müasir qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında Qarabağda aparılan uğurlu lokal antiterror əməliyyatları nəticəsində canlarından keçmiş gənclərimizin göstərdikləri şücaətdən söz açıb. Bildirib ki, fakültənin məzunu, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Kənan Məmmədov müəllimlərinin yaddaşında məsuliyyətli, dərslərinə ciddi yanaşan və mehriban bir tələbə portreti yaratmağı bacarıb. Bu gənc qəhrəman həmişə dərin ehtiramla yad olunacaq, fakültəmizin hər bir müəllim və tələbəsi onun igidliyindən qürurla danışacaq, onun fədakarlığı gələcək nəsillərə aşılanacaq.
Rus dilçiliyi kafedrasının professoru Sevinc Məhərrəmova, Rus ədəbiyyat tarixi kafedrasının dosenti Solmaz Əliyeva və həmin kafedranın müəllimi Təranə Məmmədova, həmçinin şəhidin tələbə yoldaşları çıxış edərək, Kənan Məmmədovun nümunəvi tələbə kimi yüksək intizam və hazırlığı ilə seçilməsindən, dostlarına qarşı qayğıkeş və yardımsevər olmasından, hərbçi peşəsinə olan xüsusi marağından danışıb, şəhidlə bağlı xatirələrini bölüşüblər.
Kənan Məmmədova həsr edilmiş videoçarx nümayiş olunduqdan sonra, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müəllimi Ramiyə İsgəndərzadə və I kurs tələbəsi Hümbət Bədəlov vətənpərvərlik mövzusunda yazdıqları şeirləri oxuyub, I kurs tələbəsi Aysu Türkel Kənan Məmmədov haqqında qələmə aldığı hekayəni səsləndirib, BDU Könüllülərinin nəzdində fəaliyyət göstərən “Lin-Orph” musiqi klubunun üzvü “Cənab leytenant” mahnısını ifa edib.
Tədbirdə Filologiya fakültəsi üzrə BDU Könüllülərinin təşəbbüsü ilə Kənan Məmmədovun xatirəsinə həsr edilmiş esse müsabiqəsinin nəticələri də elan olunub, qalib gələn tələbələr mükafatlandırılıb.
Sonda BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun göstərdiyi qəhrəmanlığın, o cümlədən Kənan Məmmədov kimi oğullarımızın igidliklərinin gələcək nəsillər üçün böyük vətənpərvərlik məktəbi olduğunu diqqətə çatdırıb. Bildirib ki, keçirilmiş esse müsabiqəsinə təqdim olunmuş yazılarda tələbələrimizin toxunduqları məsələlər, qələmə alınan yaradıcı fikirlər müasir gəncliyin milli ruhda yetişməsindən xəbər verir. Tədbirin təşkilatçılarına və fakültənin dəvətini qəbul etdiyi üçün K.Məmmədovun ailə üzvlərinə təşəkkür edən R.Səmədov universitet rəhbərliyinin təşəbbüsü ilə hazırlanmış kitabı şəhidin anasına təqdim edib.