Səbinə Vəliyevanın açıq dərsi təşkil olunub
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Xansuvar qızı Vəliyevanın “Müasir Azərbaycan dilinin qrammatikası-2 (Sintaksis)” fənnindən Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs, Fl-174 qrupunda “Cümlə. Məqsəd və intonasiyaya görə cümlənin növləri” mövzusunda açıq dərsi təşkil olunub. Dərsdə tələbələr cümlənin əsas xüsusiyyətləri, tipləri, növləri, məqsəd və intonasiyaya növləri haqqında məlumat verib, nitq üçün əhəmiyyətini izah ediblər. Tələbələr dərs zamanı məqsəd və intonasiyaya görə cümlənin növləri haqqında aydın təsəvvür yarada biliblər. Açıq dərsdə cümlə və onu şərtləndirən amillər barədə ətraflı məlumat verilib, ədəbi dildə cümlənin məqsəd və intonasiyaya görə növlərindən danışılıb. Cümlə anlamına dildəki söz və söz birləşmələrinin əlaqələnməsi zaman intonasiyanın məqsəddən asılı olaraq konturlarının müəyyənləşdirilməsi və s. kimi məsələlər təhlil edilibdir.
Açıq dərsdə iştirak edən kafedra müdiri, professor Tofiq Hacıyev və əməkdaşları - professor Reyhan Həbibli, f.ü.f.d. Aygün Məhərrəmova, Nərmin Məmmədli dərsin gedişinə dair fikirlərini bölüşüb, öz tövsiyələrini veriblər.
Həmçinin tələbələr müəllimin fəaliyyətindən razı olduqlarını ifadə ediblər.