Salman Mümtazın 140 illiyinə həsr olunmuş elmi seminar keçirilib
BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Ədəbiyyatşünaslıq” klubunun təşəbbüsü ilə görkəmli şair, publisist, ədəbiyyatşünas və mətnşünas Salman Mümtazın anadan olmasının 140 illiyinə həsr olunmuş elmi seminar keçirilib.
Seminar Filologiya fakültəsinin tələbəsi, TEC-in fəal üzvü Hümbət Bədəlovun Salman Mümtaz obrazını canlandıraraq səsləndirdiyi monoloqla başlayıb. Sonra Əkbər Türbəndəyev “Türkün şanlı tarixi” adlı qəzəl səsləndirib.
Tədbirdə Nərmin Əzizli Salman Mümtazın Azərbaycan ədəbiyyatşünaslığının inkişafındakı rolu, Böyükxanım Hacıyeva isə onun ədəbi fəaliyyəti ilə bağlı çıxışlar ediblər.
Sonda Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Salman Mümtazın filoloji fikrin inkişafındakı xidmətlərinin öyrənilməsinin əhəmiyyətindən danışıb və tələbələrin təşəbbüsünü yüksək qiymətləndirərək, belə tədbirlərin davamlı olmasını arzulayıb.