Şagird nitqinin inkişafı ilə bağlı seminar
BDU-nun Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının təşəbbüsü ilə “Sözün leksik-semantik xüsusiyyətlərinin şagird nitqinin inkişafında rolu” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və magistrantları iştirak edib.
Mövzu ilə bağlı məruzə edən Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva şagirdlərin nitqində yaranan problemlərdən və onların həlli yollarından söz açıb. Bildirib ki, insanların təfəkkür və idrak fəaliyyətləri dildə qeyd olunur, dil vasitəsilə nitqə çevrilir, dərk edilir. Nitqin inkişafı kommunikasiyadan — ünsiyyət prosesindən asılıdır. İstər şifahi, istərsə də yazılı nitq məzmununa görə zəif olarsa, dinləyiciyə təsir gücü yetərli olmayacaqdır. Ona görə də məruzədə sözün gücündən istifadə etmək tövsiyə olunur.
Çıxışda nitqin inkişafı üçün sözün leksik-semantik özəlliklərinə bələd olmaq prioritet məsələlərdən hesab edilib, sözlərin leksik və qrammatik, həqiqi və məcazi, tək və çoxmənalılığının nitqdə rolu aydınlaşdırılıb, şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsinin prinsipləri açıqlanıb. Qeyd olunub ki, şagird nitqinin inkişafı özbaşına gedən bir proses deyil. Şagirdin təfəkkürü müxtəlif təsəvvürlər və anlayışlarla zənginləşdikcə nitqi də təkmilləşir. Bu işdə ailə, pedaqoq və psixoloqlar birgə fəaliyyət göstərməli, nitqin inkişafı məsələsini eyni istiqamətdə həll etməyə çalışmalıdırlar.
Sonra mövzu ətrafında çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb, məruzədə səsləndirilən tezislərin əhəmiyyəti yüksək qiymətləndirilib.