“Rus dili tədrisində yeni metod və üsullar” mövzusunda elmi seminar
Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Rus dili kafedrasında “Rus dili tədrisində yeni metod və üsullar” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən kafedranın baş müəllimi Mustafayeva Dilarə Əhmədağa qeyd edib ki, tədris sahəsi hər bir xalqın, ölkə və dövlətin diqqət mərkəzində ən öndə olan məsələsindən biridir. Yeni texnologiyalar yaranır və uğurla istifadə edilir. Bütün bu nailiyyətlər təhsil sistemindən yan keçmir: burada da müsbət dəyişiklər baş verir, tədris prosesində elmi və texnoloji nailiyyətlər tətbiq olunur, interaktiv metodlara geniş yol açılır. Lakin bu yeniliklərlə yanaşı əvvəlki dövrlərdə özünü doğrultmuş, bəzi səmərəli metod və üsüllardan da faydalanmaq lazım gəlir. Burada məhşur metodların bir neçəsinin adını çəkmək olar: reproduktiv, şüurlu – praktik, audiovizual, kombinasiya edilmiş metodlar və s. Müasir dövrdə isə intensiv və kommunikativ metodlara üstünlük verilir, çünki bu metodların tətbiqi nəticəsində vaxta qənaət etməklə tələbələrin ünsiyyət bacarıqlarını inkişaf etdirmək mümkündür. Bu amil də xarici dillərin öyrənilməsində əsas şərtdir.