“Rus dili müəlliminin dərs prosesində funksiyaları və rolu”
Aprelin 28-də BDU-nun Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə) kafedrasında “Rus dili müəlliminin dərs prosesində funksiyaları və rolu” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Leyla Məşkür qızı Ələkbərova qeyd edib ki, müəllimin dərs prosesində apardığı işi iki hissəyə bölmək daha məqsədəuyğundur. Birincisi, dərsin mövzusunun aktuallığı müəyyən edilməlidir, dil aktivliyi nəzərə alınmalıdır. İkincisi, mövzu ilə bağlı bütün qrammatik konstruksiyalar təhlil olunmalıdır.
Məruzəçi bildirib ki, keçirilən dərsin yaxşı mənimsənilməsi üçün tələbələrin mövzu ilə bağlı motivasiyası nəzərə alınmalıdır. Həmçinin tələbələr keçirilən dərsin mahiyyətini dərk etməlidirlər. Nəzərə almaq lazımdır ki, müəllimin əsas rolu və funksiyası dərs prosesində linqvodidaktik informasiyanı çatdırmaqdır. Eyni zamanda müəllimin rolu təkcə bu informasiyanı tələbəyə mənimsətmək deyil, həm də tələbəni aktiv ünsiyyətə cəlb etməkdir.
Sonra seminarda iştirak edən tələbələr mövzu ilə fikirlər səsləndiriblər. Məruzədən sonra kafedranın əməkdaşları məruzə ilə bağlı düşüncələrini bölüşüblər. Seminar müzakirələrlə yekunlaşıb.