Rus dili leksikasının təsviri və tədrisinin problemləri
Fevralın 28-də BDU-nun Filologiya fakültəsinin Rus dili (təbiət fakültələri üzrə) kafedrasında “Rus dili leksikasının təsviri və tədrisinin problemləri” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən Rus dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mikayıl Cəfərov qeyd edib ki, leksika nitq fəaliyyətinin mühüm bir komponentlərindən biridir və kommunikasiyanın əsasını təşkil edir. Buna görə də hər bir dilin söz ehtiyatının mənimsənilməsi həmin dildə ünsiyyət qurmaq üçün zəruridir. Bir dildə danışmaq üçün o dilin söz ehtiyatına az da olsa, bələd olmaq vacibdir. Bununla belə, leksik vahidlərin sayca çox olması, gerçəkliklə sıx bağlılığı sözlərin əksəriyyətinin çoxmənalı olması, onların məna tutumunun mürəkkəbliyi bu sahənin öyrənilməsində xeyli çətinlik yaradır. Bu çətinliklərin öhdəsindən gəlmək üçün metodikada müxtəlif təkliflər irəli sürülür. Məsələn, sözlərin mənasını izah etmək üçün bir neçə üsuldan - sinonim, antonim və törəmə sözlərdən, əyani vəsaitlərdən, əşyalardan, şəkillərdən istifadə etmək məsləhət görülür. Həmçinin sözlərin insan şüurunda bir-biri ilə əlaqəsini nəzərə alaraq, onları müvafiq söz birləşmələrinin və cümlələrin tərkibində öyrənilməsinə üstünlük verilir. Belə bir yanaşma dilin tədrisi üçün aparıcı prinsiplərdən sayılan kommunikativ prinsipin tələblərinə tam şəkildə uyğundur. Bütün deyilənlərə nail olmaq üçün tədris prosesində müvafiq çalışmalar üzərində müntəzəm iş aparılmalıdır.