Rus dili kafedrasında növbəti elmi seminar
Mayın 10-da BDU-nun Filologiya fakültəsində Rus dili (humanitar fakültələr üzrə) kafedrasının təşəbbüsü ilə “Dərs prosesinin alqoritmləşməsi və mənimsənilməsinin intensivləşməsi” mövzusunda elmi seminar keçirilib. Seminarda Rus dili (təbiət fakültələri üçün) kafedrasının müdiri Mikayıl Cəfərov, Alman və fransız dilləri kafedrasının müdiri Elmira Fərəcullayeva, “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov və Rus dili (humanitar fakültələr üzrə) kafedrasının əməkdaşları iştirak ediblər.
Mövzu üzrə məruzə edən Rus dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent Tahir Əliyev bildirib ki, ikinci dilin alqoritmləşməsi müasir linqvodidaktikanın əsas problemlərindən biridir. Alqoritm sözü kompüter texnologiyasına aid termindir. Son zamanlar bir çox inkişaf etmiş ölkələrdə - ABŞ, Yaponiya və Almaniyada tədrisin alqoritmləşməsi geniş yer tutur. Bu ölkələrdə hər mövzu alqoritmləşdirilərək tədris olunur. Alqoritmləşmə, ilk növbədə, bu ya digər mövzunun tam mənimsənilməsi üçün atılan addımdır. Dünya psixolinqvistikası isbat edib ki, dilin mənimsənilməsi idarə olunan bir prosesdir.
Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ilə bağlı çıxışlar edilib.