Rus dili kafedrasında növbəti elmi seminar
Dekabrın 14-də BDU-nun Filologiya fakültəsinin Rus dili (təbiət fakültələri üzrə) kafedrasında “Antonimlər tələbələrin rusca nitqinin inkişaf vasitəsi kimi ” mövzusunda elmi seminar keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti iştirak edib.
Mövzu ilə bağlı məruzə edən Rus dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi Natəvan Əsədova məruzədə rus dilində işgüzar və akademik kommunikasiya fənninin tədrisində istifadə olunan antonimlər üzrə işlərin səmərələliyindən danışıb. Qeyd olunub ki, antonimlərin quruluş və məna cəhətdən araşdırılması tələbələrin söz ehtiyatını zənginləşdirir, əks mənalı sözlərin işlənilmə xüsusiyyətləri haqqında təsəvvür yaradır. Tələbələrin rus dili üzrə biliklərini artırmaq və onların ünsiyyət bacarığını inkişaf etdirmək üçün antonimlərin digər (sinonimik, söz düzəltmə) əlaqələrinin də təhlil olunması vacib əhəmiyyət kəsb edir. Çünki antonimik əlaqələr bütün nitq hissələrini əhatə edir. Konkret olaraq sifət və əvəzliklər müvafiq isimlərlə uzlaşır, feil, say, isimlər isə idarəetmə yolu ilə öz funksiyalarını reallaşdırır. Məruzəçi onu da vurğulayıb ki, məhz bu dil hadisələri haqqında məlumatları toplamadan normal ünsiyyət qurmaq mümkün deyil. Bu məqsədlə tələbələr xeyli sayda çalışmalar üzərində işləməlidirlər. Sonda müəllif belə qənaətə gəlib ki, antonimlərin öyrənilməsi kompleks şəklində reallaşmalıdır. Deməli, həmi nəzəri material araşdırılmalıdır, həm də konkret nitq vahidləri mənimsənilməlidir.
Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ətrafında çıxışlar edilib. Seminar müzakirələrlə yekunlaşıb.