Rus dili kafedrasında növbəti elmi seminar
Aprelin 20-də BDU-nun Filologiya fakültəsində Rus dili (təbiət fakültələri üzrə) kafedrasının təşəbbüsü ilə “Tələbələrə ixtisas dilinin öyrədilməsinə dair səmərəli üsullar” mövzusunda elmi seminar keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti iştirak edib.
Mövzu ilə bağlı məruzə edən Rus dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi Dinara Kazi-zadə rus dilində yazılmış ixtisas fənlər üzrə mətnlərin mənimsənilməsi haqqında ümumi məlumat verib, bu sahə üzrə görkəmli metodistlərin tədqiqatları barədə xülasə təqdim edib. Məruzədə V.Q. Kostomarov, Q.İ.Volodina, N.D. Afanasyeva və başqalarının xarici dillərin tədrisi haqqında fikirləri müqayisə edilib, həmin alimlərin əsərlərində irəli sürülən tədrisin səmərəli üsulları haqqında ətraflı məlumat verilib.
Həmçinin məruzədə adı çəkilən alimlərin ali məktəb tələbələri üçün hazırladıqları dərslik və dərs vəsaitlərində tətbiq olunan yanaşmaların səmərəliliyinin geniş təhlili təqdim edilib. Məruzəçi rus dilinə aid ayrı-ayrı dərsliklərin müsbət və mənfi cəhətlərini şərh edərək, öz təkliflərini əsaslandırmağa çalışıb.
Məruzəçi ixtisas üzrə rusdilli ədəbiyyatın daha yüksək səviyyədə mənimsənilməsini şərtləndirən bəzi üsulların tətbiqi, həmin üsullardan ən əsasları - mətndə olan terminlər üzərində çalışmışlar, açar sözlərin seçilməsi, mətnin əsas ideyasının müəyyənləşdirilməsi, müvafiq sualların verilməsi kimi iş növlərinin icra edilməsi haqqında ətraflı məlumat verib.
Məruzəçi yekun olaraq rus dilli ixtisas mətnlərin mənimsənilməsi üçün vacib əhəmiyyət kəsb edən prinsip və müddəalar haqqında da məlumat verib.
Sonra kafedra müdiri professor Mkayıl Cəfərov çıxış edərək bəzi məsələlərə aydınlıq gətirib. O, təbiət fakültələrində tədris olunan ixtisas fənlərinin fərqli cəhətlərindən danışıb. Bu səbəbdən də həmin fakültələrə aid olan xüsusi terminologiyanın mövcudluğundan söhbət açıb və tədrisdə bu faktorun nəzərə alınmasının vacibliyini əməkdaşların diqqətinə çatdırıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparıblar.