Rus dili kafedrasında elmi seminar
BDU-nun Filologiya fakültəsində Rus dili (təbiət fakültələri üzrə) kafedrasının təşəbbüsü ilə “Tələbələrin dialoji nitqinin inkişaf yolları” mövzusunda elmi seminar keçirilib.
Mövzu ilə bağlı məruzə edən Rus dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi Gülər Sənani tələbələrin dialoji nitq vərdişlərinin inkişaf etdirilməsi haqqında ətraflı məlumat verib, N.İ. Formanovskaya, L.Q. Pavlova və başqalarının dialoji nitq haqqındakı fikirlərini şərh edib. Həmçinin qeyd edib ki, dialoji nitq verbal kommunikasiyanın bir növü kimi insanlar arasında canlı ünsiyyət yaratmaq üçün əsas vasitədir. Dialoji nitq əksər hallarda danışıq nitq qaydalarına söykənir və verbal (söz) vasitələri ilə yanaşı mimika, jest, susma kimi vasitələrdən də istifadə olunmasını tələb edir.
Məruzəçi tələbələrin dialoji nitq vərdişlərinin inkişaf etdirilməsi üçün vacib sayılan və müxtəlif situasiyaları əks etdirən lüğəvi vahidlərin işlənməsindən, qısa replikalarda nitq etiketi qaydalarının istifadə məqamlarından da bəhs edib. Çıxışda dialoji nitqin bir başa nitq mədəniyyəti ilə bağlılığı vurğulanıb və bildirilib ki, dilçi alimlər sübut ediblər ki, xalqın dili onun ruhu ilə bağlıdır. Bu da ona dəlalət edir ki, hər bir şəxsin nitq mədəniyyəti onun danışığında özünü biruzə verir, yəni onun daxili aləmini ifadə edir. Bu məqama dair belə bir deyim də işlənir: “Danış, görək sən kimsən”. Bu aspektdə G.Sənani rus dili dərslərində dialoji nitqin inkişafına yönəlmiş çalışma və tapşırıqlar barəsində də məlumat verib, bu istiqamətdə zəruri cəhətləri diqqətə çatdırıb.
Sonra mövzu ətrafında çıxışlar olunub, iştirakçıların sualları cavablandırılıb.