Rus dili kafedrasında elmi seminar
BDU-nun Filologiya fakültəsinin Rus dili (təbiət fakültələri üzrə) kafedrasında “Rus dilində işgüzar və akademik kommunikasiya kursunda çalışmalar sistemi” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti iştirak edib.
Mövzu ilə bağlı məruzə edən Rus dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi Dilarə Mustafayeva bildirib ki, rus dilində işgüzar və akademik kommunikasiya fənninin tədrisində istifadə olunan çalışmalar sistemi kifayət qədər səmərəli və çoxşaxəlidir. Həmin sistemə daxil olan çalışmaların ən geniş yayılmış növləri kimi bir neçəsini göstərmək olar: kommunikativ yönümlü, məşq təyinatlı, yaradıcılıq mahiyyəti, analitik və sintetik xarakterli, qrammatik, yaxudda nitq məzmunlu və s. Uzun illərin təcrübəsi göstərir ki, dilin mənimsənilməsi üçün ən səmərəli çalışmalar sırasında kommunikativ yönümlü çalışmalar ön plandadır. Bu nisbətin yaranması həmin çalışmaların aktiv (konstruktiv) xarakterli olması ilə bağlıdır. Deməli, tələbələrin nitq vərdişlərinin (rus dili üzrə) inkişaf etdirilməsi üçün kommunikativ yönümlü çalışmalardan daha geniş istifadə etmək lazımdır.
Elmi seminar müzakirələrlə yekunlaşıb.