Dosent Həyat Tağıyevanın ustad dərsi keçirilib
Martın 30-da BDU-nun Filologiya fakültəsində Rus dili (humanitar fakültələr üzrə) kafedrasının dosenti Həyat Məmməd qızı Tağıyevanın “Rus dili dərslərində texniki vasitələrdən istifadə” mövzusunda ustad dərsi keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Məruzədə bildirilib ki, müasir dövrdə linqvodidaktikanın aktuallığı dərs prosesində texniki vəsaitlərin tətbiqi ilə bağlıdır. Bu baxımdan ustad dərsinin məqsədi müəllimləri Bakı Dövlət Universitetinin rus dili kabinetində təqdim olunan müxtəlif texniki tədris vəsaitlərindən istifadə etməklə iş üsulları ilə tanış etməkdir. Tədris prosesində müəllimin əsas məqsədi tələbələrin marağını fənnə cəlb etmək, rus dilini öyrənmək həvəsini artırmaq, dil biliklərini zənginləşdirmək, onları savadlı şəxsiyyət kimi formalaşdırmaq, dünyagörüşlərini genişləndirmək, gənc nəsildə başqa dillərə rəğbət aşılamaqdır.
Məruzəçi qeyd edib ki, yeni informasiya texnologiyalarının tədris prosesinə tətbiqi təlim prosesini aktivləşdirməyə, dərsin tempini yüksəltməyə, tələbələrin müstəqil işlərinin həcmini artırmağa imkan verir. Rus dilinin xarici dil kimi tədrisi prosesində kompüter və elektron lövhə kimi əyani vasitələrdən istifadə edilməsi, habelə “Workspase” proqramı vizual öyrənmə dairəsini genişləndirməyə şərait yaradır.
Ustad dərsində tələbələr “Heydər Əliyev”, “Lev Tolstoy”, “Sergey Yesenin”, “Novruz bayramı” və “Bakı Dövlət Universiteti” mövzuları ilə bağlı təqdimatlar nümayiş etdiriblər.
Ustad dərsi mövzu ilə bağlı müzakirə və çıxışlarla davam edib. İştirakçılar məruzəçiyə suallar ünvanlayıblar.