“Rus dili dərslərində tələffüzün öyrənilməsi”
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Rus dili (təbiət fakültələri üzrə) kafedrasında “Rus dili dərslərində tələffüzün öyrənilməsi” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti iştirak edib.
Mövzu ilə bağlı məruzə edən Rus dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi Nailə Mirbabayeva qeyd edib ki, rus dilinin mənimsənilməsində orfoepiyaya aid məlumatlar mühüm əhəmiyyət kəsb edir. Çünki rus və Azərbaycan dilləri həm qrammatik, həm də fonetik cəhətdən tələbələrlə spesifik rus səslərinin (щ,ц, ё,ю, я) düzgün tələffüz edilməsi üçün müəyyən iş sistemi aparmaq lazımdır. Onu da nəzərə almaq lazımdır ki, rus sözlərinin tələffüz normaları vurğu ilə sıx əlaqəlidir. Belə ki, “o” səsi vurğusuz olarkən “a” səsi kimi tələffüz edilir. Həmçinin saitlər düşdükləri hecaların sırasından asılı olaraq tələffüzünü dəyişir, yəni reduksiyaya məruz qalır. Samitlər isə karlaşma və cingiltiləşmə kimi hadisələrin təsiri altında tələffüz olurlar. Bununla yanaşı, alınma sözlər və abreviaturalarında xüsusi tələffüz qaydaları mövcuddur. Bütün bu məqamlar dərslərdə nəzərə alınmalıdır. Seminar müzakirələrlə yekunlaşıb.