“Rus dili dərslərində sinonimlər üzərində iş üsulları”
BDU-nun Filologiya fakültəsinin Rus dili (təbiət fakültələri üzrə) kafedrasında “Rus dili dərslərində sinonomlər üzərində iş üsulları” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və tələbələr iştirak edib.
Mövzu ilə bağlı məruzə edən Rus dili (təbiət fakültələri üzrə) kafedrasının müəllimi Nigar Xəlilova rus dili dərslərində sinonimlərin öyrənilməsi haqqında ümumi məlumat verib, bu sahə üzrə görkəmli metodistlərin tədqiqatları barəsində xülasə təqdim edib. Məruzədə V.Q.Kostomarov, Q.İ.Volodina və başqalarının xarici dillərin tədrisi haqqında fikirləri müqayisə edilib, həmin alimlərin əsərlərində irəli sürülən tədrisin səmərəli üsulları haqqında ətraflı məlumat verilib.
Məruzədə adı çəkilən alimlərin ali məktəb tələbələri üçün yazdıqları dərslik və dərs vəsaitlərində tətbiq olunan yanaşmaların səmərəliliyinin geniş təhlili təqdim edilib. Məruzəçi sinonimlər üzərində işin aparılmasında tətbiq olunan bir neçə üsulun xüsusiyyətlərini izah edib. Rus dilində sinonimik leksikanın zənginliyi və çoxsaxəli olduğunu diqqətə çatdıran natiq çoxsaylı nümunələr əsasında sinonimik cütlük və cərgələrin növlərini göstərib, sinonimlərin nitqimizin çevikliyində oynadığı roldan danışıb.
Sonra iştirakçılar məruzəçiyə suallar ünvanlayıb, mövzu ətrafında çıxışlar ediblər. Elm seminar müzakirələrlə yekunlaşıb.