“Rus dili dərslərində leksik materialın üzərində işləmə üsulları” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Rus dili kafedrasında "Rus dili dərslərində leksik materialın üzərində işləmə üsulları” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən kafedranın baş müəllimi Natavan Əziz qızı Əsədova qeyd edib ki, dilin leksikası təbiətdə və cəmiyyətdə mövcud olan varlığı və hadisələri özündə əks etdirən vasitə kimi nitq fəaliyyətimizdə çox mühüm rol oynayır. Demək olar ki, söz ünsiyyətin təməl daşıdır. Bu səbəbdən xarici dilləri, həmçinin rus dilini öyrənərkən sözlərin mənimsənilməsi ön planda olmalıdır. Həm də bu sahədə görülən işlərin məqsədi leksikanın sistemli şəkildə öyrənilməsinə yönəldilməlidir. Buna görə də sözlərin bir-birilə paradiqmatik və sintaqmatik əlaqələri nəzərə alınmalıdır.
Çıxışda vurğulanıb ki, leksikanın özəl xüsusiyyətlərindən biri də leksik vahidlərin əksəriyyətinin çoxmənalı olmasıdır. Həmçinin sözlərin sözdüzəltmə prosesində iştirakı da diqqətə layiqdir (məs: писать- письмо, писатель, запись, записка, подпись, прописка, переписка və s.). Məruzəçi bildirib ki, rus dili dərslərində mühüm bir məqamı da unutmaq olmaz: dilin iki forması var – şifahi və yazılı. Bu formaların da özünə məxsus əlamətləri var. Şifahi nitqdə tələffüz, vurğu və intonasiya vacib sayılır. Yazıda isə sözlərin düzgün yazılışı, işarələrin qoyulması və s. məqamlara fikir vermək lazımdır. Burada sözlərin müxtəlif nitq hissələrinə aid olmasından da çox şey asılıdır. Buna görədə tədris zamanı leksikanın mənimsənilməsi üçün tədbirlər kompleks şəkildə təşkil olunmalıdır.
Seminar müzakirələrlə yekunlaşıb.