Rus dilçiliyi kafedrasının professoru Sevinc Məhərrəmovanın açıq dərsi
BDU-nun Filologiya fakültəsinin “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs, 169-cu qrupda Rus dilçiliyi kafedrasının professoru Sevinc Abbasqulu qızı Məhərrəmovanın “İfadəli oxu” fənnindən “Nəsr nümünələrinin ifadəli oxusu” mövzusunda açıq dərsi keçirilib. Dərsdə Rus dilçiliyi kafedrasının baş müəllimləri Nailə Zeynalova və Nazım Xıdırov, Türkologiya kafedrasının dosenti Gülgün Əliyeva iştirak ediblər. Dərs müasir tələblərə uyğun aparılıb, interaktiv metodlardan istifadə edilərək keçirilib. Bildirilib ki, bədii mətni oxuyanın – ifaçının qarşısında həmişə bir vəzifə olur: dinləyicilərə təsir etmək. Bu, oxunan mətnin məğzini, ideya-bədii məzmununu dinləyicilərə çatdırmaqla mümkündür. Əsas şərtlərin vacibliyi vurğulanıb: 1. İfaçının nitqi düzgün və dəqiq olmalıdır; 2. Müəllifin fikri dəqiq və aydın çatdırılmalıdır. 3. Emosional-obrazlı ifadəliliyə nail olunmalıdır; 4. Əsərdəki ovqat, emosional çalarlar ifaçının mimika, jest, səs və nitqinin dəyişməsində öz əksini tapmalıdır; 5. İfaçı əsərdə təsvir olanları “yaşamalıdır” və bu zəmində dinləyicilərin təxəyyülündə canlandırmalıdır, parlaq obrazlar yaratmalıdır.
Dərs zamanı tələbələr uğurla bunlara əməl edib: Leyla Vəliyeva F.Dostoyevskinin “İdiot” romanından gənc İppolitin monoloqunu ifa edib; Günay Mirzəyeva A.P.Çexovun “Gənc qızın gündəliyi” hekayəsini ifa edib; Günel Məmmədova və Səbinə Həsrətova N.V.Qoqolun “Evlənmə” komediyasından səhnəcik göstəriblər. Dərs zamanı tələbələr öz bililklərini və ifaçılıq istedadını yüksək səviyyədə nümayiş etdiriblər.