Rus dilçiliyi kafedrasının müəllimi Aytən Muradzadənin açıq dərsi
BDU-nun Filologiya fakültəsinin “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə I kurs, 194-cü qrupunda Rus dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aytən Qasım qızı Muradzadənin “Müasir rus dilinin leksikologiyası” fənnindən “Alınma leksika və onun rus dilində mənimsənilməsi” mövzusunda interaktiv metod (prezentasiya) əsasında açıq dərsi keçirilib.
Dərs zamanı tələbələr - Bağırova Fidan, Əliyeva Zəhra, Əsgərova Fidan, Hacıyeva Ləman, Hüseynova İlahə, Qarayeva Aysun, Qasımova İsmət, Qocayeva Rəhimə, Novruzova Kamilla, Təhməzli Aydan iki qrupa ayrılaraq mövzu haqqında ətraflı məlumat təqdim ediblər. Qrupun biri “Qədim slavyan və türk dilərindən alınma sözlər”, digər qrup isə “Amerika və fransız dillərindən alınma sözlərin” rus dilinə təsirinin mənfi və müsbət tərəflərini nəzərdən keçiriblər. Mövzunun aktuallığı alınma sözlərin rus dilinə intensiv şəkildə nüfuz etməsi ilə bağlıdır. Hər il rus dilinə xarici dillərdən daha çox yeni sözlər daxil olur. XX əsrin 80-ci illərinin sonu və 90-cı illərin əvvəllərində Rusiyada yenidənqurma dövrü və cəmiyyətin həyatında yaranan dəyişikliklər rus dilində əks olunmaya bilməzdi. Televiziya, qəzet və digər KİV-lər bizə əvvəlkindən daha çox təsir edir. Müzakirələr zamanı tələbər plakatlardan, şəkillərdən və presentasiyadan istifadə ediblər.
Dərsdə iştirak edən kafedra əməkdaşları bildiriblər ki, interaktiv metodlar tələbələrin inkişaf və təhsil aspektlərini əhatə edir. Prezentasiya metodu tələbələrdə təxəyyül, yaradıcı düşüncə, müstəqillik inkişaf etdirir. Onlar bir-birləri ilə ünsiyyət qurmağı öyrənirlər və bir-birlərini daha yaxşı başa düşürlər, qrupların digər üzvlərinin fikirlərinə və işlərinə hörmət və diqqət göstərirlər. Bu baxımdan Aytən Qasım qızı Muradzadənin açıq dərsi nümunəvi dərslərdən sayıla bilər.