“Region telekanallarının dil mənzərəsi” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrası nəzdində fəliyyət göstərən “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-də “Region telekanallarının dil mənzərəsi” mövzusunda elmi seminar keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti, magistrantları, “Azərbaycan dilinin tətbiqi məsələləri” və “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in elmi işçisi Aynur Sabir qızı Məmmədova region telekanallarında ədəbi dil normalarının pozulması hallarının müəyyən olunması istiqamətində apardığı araşdırmalar barəsində ətraflı danışıb. Məruzəçi Qloballaşma və dünyaya inteqrasıya şəraitində milli dilimizin yad ünsürlərdən qorunması və inkişafı üçün televiziya kanallarında ədəbi dil normalarına nə dərəcədə riayət olunmasının araşdırılması, mövcud vəziyyətin qiymətləndirilməsi və nöqsanların aradan qaldırılmasının zəruriliyini diqqətə çatdırıb. Məruzəçi A.Məmmədova toplanan materiallar üzərində xarakterik səhvlərin statistik göstəricilərinin araşdırılması haqqında ətraflı danışmış və bu qüsurların aradan qaldırılması istiqamətində təkliflər irəli sürmüşdür.Çıxışın sonunda A.S.Məmmədova Region teleməkanında ədəbi dil normalarının pozulması hallarının tez bir zamanda aradan qaldırılacağına ümid etdiyini vurgulayıb.
Tədbir iştirakçıları məruzəçiyə suallar ünvanlayıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Elmi seminar geniş müzakirələrlə yekunlaşıb.