Ramiz Əskərə Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki adı verilib
Özbəkistanın “Turan” Elmlər Akademiyasının (TEA) İdarə heyətinin iclasında Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Ramiz Əskərə yekdilliklə TEA-nın akademiki adının verilməsi qərara alınıb.
Akademik Səxavət Ociyevin təqdimatı ilə keçirilən iclasda TEA-nın prezidenti Xaydarbek Bababekov Ramiz Əskərin yaradıcılığı haqqında məlumat verib, alimi türk dünyasının tanınmış türkoloqlarından biri kimi xarakterizə edib. O deyib ki, Ramiz Əskər Azərbaycan ilə Özbəkistan arasında elmi əlaqələrin inkişafındakı, böyük özbək şairi Əlişir Nəvainin “Xəmsə”sinin və digər ədiblərimizin əsərlərinin Azərbaycan dilinə tərcüməsi, nəşri sahəsindəki xidmətlərinə görə bu ada layiq görülüb. Ramiz Əskər 2010-cu ildən etibarən özbək ədəbiyyatının təbliği, tərcüməsi və tədrisi ilə intensiv surətdə məşğuldur. Alim 2011-ci ildə XX əsr özbək poeziyası antologiyasını hazırlayıb, klassik özbək şairlərindən Sultan Hüseyn Bayqaranın və Zəhirəddin Məhəmməd Baburun divanlarını Azərbaycan dilinə uygunlaşdıraraq Bakıda nəşr etdirib. Bundan sonra Baburun məşhur “Baburnamə” əsərini Azərbaycan dilində oxucuların ixtiyarına verib.
Səxavət Ociyev bildirib ki, Ramiz Əskər indiyədək özbək ədəbiyyatına dair 15 kitab ortaya qoyub. Bu kitablar arasında Əlişir Nəvainin “Xəmsə”si xüsusi yer tutur. Ramiz Əskər son üç ildə dahi şair və mütəfəkkir Əlişir Nəvainin əsərlərinin tərcüməsi üzərində işləyib. Alimin gərgin əməyi nəticəsində Nəvainin məşhur “Xəmsə”si (“Heyrət ül-əbrar”, “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Səbayi-səyyar” və “Səddi-İskəndəri”) bu il ana dilində işıq üzü görüb. Bundan əlavə Ramiz Əskər ulu sənətkarın beş risaləsini, o cümlədən “Məhbub ül-qülub” əsərini də Azərbaycan dilinə tərcümə edib. Hazırda şairin həyatı və yaradıcılığı haqqında sanballı bir monoqrafiya - “Nəvainin lirikası” kitabı üzərində çalışır.