“Quranın ilk türkcə tərcümələrində arxaikləşmiş türk mənşəli dini sözlər” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Türkologiya kafedrasında “Quranın ilk türkcə tərcümələrində arxaikləşmiş türk mənşəli dini sözlər” adlı elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti, doktorantlar və tələbələr iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən Türkologiya kafedrasının dosenti Afaq Məmmədova əvvəlcə qədim dövrlərdə türklərin müxtəlif dinlərə münasibətindən və İslam dinini qəbul etmələrindən bəhs edib. Məruzəçi qeyd edib ki, tədqiqat çərçivəsində sətir-arası tərcümə üsulundan istifadə edilərək Quranın Qaraxanlı və Xarəzm türk ədəbi dillərində ilk tərcümələri araşdırılıb. O, Quran tərcümələrinin lüğət fondunda türk mənşəli sözlərin faktiki zənginliyi, sözlərin dilin leksik-semantik sistemindəki çoxşaxəliliyi, söz yaradıcılığı, yeni sözyaratma strategiyası, tərcümələrdə bir ərəb sözünün qarşılığı kimi bəzən iki müxtəlif türk mənşəli sözün yazılması haqqında məlumat verərək həmin dövrdə türkcənin nə qədər geniş imkanlara sahib olduğunu vurğulayıb.
Afaq Məmmədova həmin tərcümələrdə xeyli sayda türkcə dini terminlərin işlədildiyini, lakin zamanla bu terminlərin arxaikləşərək ərəb və fars mənşəli sözlərlə əvəz olunduğunu diqqətə çatdırıb. O, bu terminlərin əsasən üç istiqamətdə özünü göstərdiyini qeyd edərək, konkret nümunələr təqdim edib:
1) Müxtəlif din və inanclara etiqad edən türklərin istifadə etdikləri terminlərin islam dininə uyğunlaşdırılması: yazuk “günah”, tamu “cəhənnəm”, uçmak “cənnət” və s.
2) Qədim türk dilində ifadə etdikləri mənalarından əlavə bir semantikada işlənən, yəni anlam genişləməsinə məruz qalan sözlər: arığ "günahsız", bəlgü "ayət", boğazla- "qurban kəsmək", yaman "günahkar, haram" və s.
3) Morfoloji ya da sintaktik yolla yaranan yeni dini terminlər (dilin daxili imkanları nəticəsində): bütməgən "kafir", inanğan "mömün", oquğ "dua", yunuğ "dəstəmaz", uluq yunuq "qüsul" və s.
Seminarın sonunda kafedra müdiri, professor Məhərrəm Məmmədov, dosentlər Sevda Sadıqova, Kəmalə Nəcəfova və digər iştirakçılar məruzəçiyə suallar ünvanlayaraq mövzu ilə bağlı fikir mübadiləsi aparıblar. İlk dəfə sistemli və əhatəli şəkildə elmi araşdırmaya cəlb edilən bu mövzunun əhəmiyyətini vurğulayaraq məruzəçiyə təşəkkür ediblər.