Qismət Cəfərov yazır: “Dünyadan bir gözəl müəllim getdi”
Bir neçə gün bundan əvvəl doğma Bakı Dövlət Universiteti ailəsi, eləcə də onun qocaman kafedrası - "Dilçiliyimizin məbədi" olan Ümumi dilçilik kafedrası öz böyük dilçi alimini, müəllimini və ən əsası, bizlərə şəxsiyyəti ilə örnək olan ziyalısını - Məhəmməd Məmmədovu itirdi. Əlbəttə, o, yalnız cismani olaraq bizdən ayrıldı, ruhu isə daim bizimlədir...
M.Məmmədov mənə Universitetin I kursunda "Dilçiliyə giriş", IV kursunda "Ümumi dilçilik" kurslarından dərs deyib. Eləcə də, bizə magistraturada bir sıra dilçilik kurslarından mühazirələr deyib və magistrlik dissertasiyama elmi rəhbərlik edib. O, sözün əsl mənasında, dili canlı varlıq kimi duyan, geniş mütaliəli bir dilçi, pedaqoq idi. Fəaliyyətinə, söhbətlərinə bələd olan bir tələbəsi olaraq əminəm ki, ikinci bir Məhəmməd müəllim yetişməyəcək. Onun belə bir spesifik cəhətini xüsusi vurğulamaq istəyirəm ki, o, dövlətinə, millətinə kifayət qədər bağlı olan bir vətəndaş idi.
Məhəmməd müəllimin peşəkarlığı, hər şeydən əvvəl, dilçilik dərslərində idi. Ferdinand de Sössürdən danışa-danışa tələbələrinin Sössürünə çevrilmişdi. Tələbələri ona metaforik şəkildə Ferdinand de Sössür deyərdilər...
Əlbəttə, Məhəmməd müəllimdən hələ öyrənəcəyimiz, məsləhət alacağımız çox məsələlər var idi. Onun ürəyində deyəcəyi və yazacağı sözlər hələ çox idi. Nə yaxşı ki, bu böyük dilçilik müəllimindən bizə xoş xatirələr, faydalı söhbətlər yadigar qaldı. Əminəm ki, Məhəmməd müəllimin "Dilçiliyə giriş"i hələ uzun illər tələbələrimizin köməyinə çatacaq və onu yaşadacaqdır...
Gözəl dilçi, müəllim, insan kimi yaddaşlarda və qəlblərdə daim yaşayacaq Məhəmməd Məmmədovun özündən sonra qoyduğu Böyük müəllim obrazı hələ neçə-neçə gələcək dilçilik müəllimlərinin (tək onlarınmı?!) etalon və istinad nöqtəsi olacaqdır!..
Qismət CƏFƏROV,
BDU-nun Ümumi dilçilik kafedrasının doktorantı