“Qeyri-verbal ünsiyyət vasitələri” adlı elmi seminar
BDU-nun Filologiya fakültəsi Rus dilçiliyi kafedrasında “Qeyri-verbal ünsiyyət vasitələri” adlı elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən kafedranın baş müəllimi bildirib ki, qeyri-verbal ünsiyyət vasitələrinə söz istifadə etmədən insanlar arasında qarşılıqlı əlaqənin bütün vasitələri daxildir. Həmsöhbətlər arasında ünsiyyət və məlumatın ötürülməsi xarici görünüş, geyim, səs, intonasiya, hərəkətlər, jestlər, üz ifadələri vasitəsilə həyata keçirilir. Yəni, insanların nitqini əhatə edən və nitqdən istifadə edərək səslənən mətn mesajlarının formalaşmasına birbaşa təsir edən hər şey qeyri-verbal ünsiyyət vasitələrinə aiddir.
Alimlər hesab edirlər ki, insanlar arasında qarşılıqlı əlaqə zamanı bütün məlumatların yalnız 40% - i nitq vasitəsilə ötürülür, qalan 60% - i qeyri-verbal ünsiyyət vasitələrinin payına düşür. Şübhəsiz ki, insan nitqdən istifadə edərək əsas düşüncələrini ifadə edir, lakin qeyri-verbal ünsiyyət vasitələri şəxsin həmsöhbətini başa düşməsində və fərdlər arasında ünsiyyət qurmasında böyük rol oynayır.
İnsanın etdiyi hər bir hərəkət ətrafdakı insanlarla birbaşa və ya dolayı yolla əlaqələndirilir. Bu komponent yalnız fiziki baxımdan deyil, həm də ünsiyyət baxımından nəzərə alınmalıdır, çünki o çox vacibdir. Kommunikativ hərəkət, həmsöhbətlər arasında qarşılıqlı anlaşmanın formalaşmasına yönəlmiş insanlar arasında məlumat mübadiləsi formasıdır.
Seminar müzakirələrlə yekunlaşıb.