“Qədim türk sözlərinin müasir Azərbaycan dilində inikası” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrası nəzdində fəaliyyət göstərən “Azərbaycan dilinin tətbqi məsələləri” ETL-də “Qədim türk sözlərinin müasir Azərbaycan dilində inikası” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.
Tədbirdə Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Tofiq Hacıyev, Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadə, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in əməkdaşları - laboratoriya müdiri, dosent Nəzakət Hüseynova və filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova, “Dədə Qorqud” ETL-in əməkdaşları - laboratoriya müdiri, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva, “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in əməkdaşları filologiya üzrə fəlsəfə doktoru İradə Kərimova və filologiya üzrə fəlsəfə doktoru Xatirə Vəliyeva iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in elmi işçisi Aynur Sabir qızı Məmmədova seminarı giriş sözü ilə açaraq əski dil vahidləri olan qədim türk sözlərinin müasir ədəbi dilin hansı yaruslarında və hansı intensivlikdə işlənməsini izləməklə bərabər, həm də son dövrlər bu leksik vadidlərin bir qisminin leksik bumeranq kimi yenidən müasir dilə qaytarılması səbəblərindən söz açıb.
Türk millətinin “həyat fəlsəfəsindən, düşüncəsindən doğmuş», keçmişin bir parçasını özündə qoruyub saxlayan bu sözlərin hər birinin ədəbi dildə fərdi inkişaf tarixi, arxaikləşmə səbəbləri olduğu kimi təkrar müasir dilə qaytarılma səbəbləri olduğunu da vurgulayıb.
Ötən əsrin 60-cı illərindən başlayaraq dldə gedən milliləşmə prosesinə milli ruhlu ziyalılarımız, yazıçı və şairlərimiz xeyli təkan verməsi səbəblə müəllifllərin uzun müddət öz soykökundan, tarixindən,milli şüurundan uzaq düşmüş millətə, xalqa milli kimliyini tanıtmaq, tarixi yaddaşını oyatmaq üçün əsərlərində arxaikləmiş, işləkliyini itirmiş türk mənşəli sözlərdən üslubi-relevant vasitələr kimi yararlamağa çalışmaları haqda fikirlərini bölüşüb.Məruzəçi qədim türk sözləri vasitəsilə məfhumun əsrlərin dərinliklərində gizlənmiş məna çalarlarını, unudulmuş semantikalarını üzə çıxarmaq, yeni nəsli bu sözlərlə tanış etməklə zəngin irsinin gələcək nəsillərə aşılanmasının vacibliyini diqqətə çatdırıb.
Elmi seminarda Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Tofiq Hacıyev Orxon-Yenisey, Dədə Qorqud dastanlarının dilindən gəlmiş bu arxaik sözlərin müasir bədii əsərlərdə iki dövrü bir-birinə yaxınlaşdırıb müqayisə etməyə imkan verən üslubi elementə, ünsürə çevrilməsi ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, müasir oxucu ilə Dədə Qorqud dilindən gəlmiş sözlərlə danışmaq, o üslubu yeni biçimdə təqdim etmək, müasir ədəbi dilimizlə, poetikamızla bağlıdır.
Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Elmi seminar mövzuya həsr olunmuş müzakirələrlə yekunlaşıb.