Qədim türk əlifbasının oxunmasının 130 illiyinə həsr olunmuş elmi seminar
BDU-nun Filologiya fakültəsinin Türkologiya kafedrasında qədim türk əlifbasının oxunmasının 130 illiyinə həsr olunmuş “Türkologiyada qədim və müasir dil məsələləri” mövzusunda elmi seminar keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti, doktorantlar, magistrantlar və “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov bildirib ki, 1893-cü ildə danimarkalı dilçi alim Vilhelm Tomsen tərəfindən qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıların oxunması təkcə türklər üçün deyil, bütün bəşəriyyət üçün mühüm hadisəyə çevrilib. Qədim türk yazılarının oxunması türkoloji dilçilikdə böyük irəliləyişlərə səbəb olub və bu abidələrlə bağlı çox sayda sanballı tədqiqatlar aparılıb. Həmçinin 2022-ci ildə Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının apardığı birgə arxeoloji qazıntılar zamanı Monqolustanın Nomqon vadisində ikinci Göytürk Dövlətinin qurucusu İltəriş Kutluq Xaqana (VII əsr) aid yeni yazılı daş kitabə və abidə kompleksi aşkar edilib və bu abidə kompleksinin Bakı Dövlət Universitetində təntənəli təqdimatı baş tutub.
“Türkologiyada qədim və müasir dil məsələləri” adlı məruzə ilə çıxış edən Türkologiya kafedrasının professoru Elbrus Əzizov qeyd edib ki, türk xalqlarının qədim və zəngin tarixinin davamı kimi Asiya və Avropanın böyük bir hissəsində müxtəlif coğrafi şəraitlərdə müasir türk xalqları və onların dilləri formalaşıb. Türk dillərini dünyanın başqa dillərindən fərqləndirən əsas cəhət onların quıruluş baxımından bir-birinə çox yaxın olmasıdır (çuvaş və yakut dilləri istisnadır). Eyni mənşədən gələn bu dillərin fonetik sistemində, leksik tərkibində və qrammatik quruluşunda ümumilik nəzərə çarpacaq dərəcədə çoxdur. Türk xalqlarının bir-birini az və ya çox dərəcədə başa düşmələri məhz bununla bağlıdır. Tarixdə türk xalqları olduqca müxtəlif adlar daşımışlar. Əvvəllər nisbətən məhdud dairədə işlənmiş türk adı sonralar çox geniş bir ərazidə yayılmış olan qohum xalqların və onların dillərinin mənşə birliyini bildirən ümumi bir ada çevrilmişdir (Müasir dilçilikdə “türk dilləri ailəsi”, “türk dilləri qrupu” terminləri işlədilir). Türk dilləri bir-birinə nə qədər yaxın olsalar da, bəzi dil birliklərinin müstəqil dil olub-olmaması mübahisəli olsa da, müasir türkologiyəda türksistemli 27-dək müstəqil dilin varlığından söhbət gedir.
Müəllif öz araşdırmasında belə nəticəyə gəlib ki, türk dilləri tarixinin daha dərindən öyrənilməsi məqsədilə pratürkcənin (köktürkcənin) bərası sahəsində görülmüş işlər davam etdirilməli, ayrı-ayrı dillərin quruluş elementləri araşdırılarkən praformalar və onların qanunauyğun inkişafı da nəzərə alınmalı, ayrı-ayrı türk dillərinin formalaşması prosesi ümumtürk kontekstində, bu dillərdə danışan xalqların tarixi ilə əlaqəli bir şəkildə və dillərin spesifikliyi nəzərə alınmaqla öyrənilməli və əksər tədqiqatlarda Azərbaycan xalq dilinin formalaşması prosesində yerli türk etnoslarının roluna kifayət qədər diqqət yetirilmədiyindən bu məsələnin dərin və hərtərəfli təhlili verilməlidir.
Seminar mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.