Professor Yeganə İsmayılova “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi ilə əlaqədar UNESCO çərçivəsində keçirilən beynəlxalq konfransda iştirak edib
Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO çərçivəsində qeyd olunub. Bu məqsədlə UNESCO-nun mənzil-qərargahında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın UNESCO üzrə Milli komisiyalarının təşəbbüsü və Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də UNESCO yanında daimi nümayəndəliklərin birgə təşkilatçılığı ilə “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans keçirilib.
Beynəlxalq konfransda Azərbaycandan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun direktoru, professor Nadir Məmmədli, Türk Dünyası Ağsaqqallar Şurasının üzvi Həsən Həsənov, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun Nitq mədəniyyəti şöbəsinin müdir əvəzi, dosent Vəfa Abdullayeva-Nəbiyeva iştirak ediblər.
Bu mötəbər tədbirdə Bakı Dövlət Universitetini Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova təmsil edib və “Mahmud Kaşğari və Türkçülük məfkurəsi: Azərbaycandan baxış” adlı məruzə ilə çıxış edib. Həmçinin alimin türk, rus və ingilis dillərində nəşr olunmuş “Türk Halkları Üzerine Bilgi Kitabı” konfrans iştirakçılarına təqdim olunub.