Professor Sənubər Abdullayevanın elmi seminarı
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında “Azərbaycan dili frazeologiyasının aktual məsələləri” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti iştirak edib.
Mövzu ilə bağlı məruzə edən kafedranın professoru Sənubər Abdullayeva bildirib ki, akademik V.V.Vinoqradovun semasiologiya və frazeologiya ilə bağlı yazdığı məşhur məqalələrdən sonra post-sovet məkanında olan dilçilərin nəzəri bu mürəkkəb dil materialına yönəlib. V.V.Vinoqradov rus dilində frazeoloji vahidləri komponentlərin bir-birinə semantik cəhətdən qaynayıb-qarışmasını üç növ üzrə fərqləndirib. Azərbaycan dilçiliyində S.Cəfərov kimi alimlər V.V. Vinoqradovun frazeoloji konsepsiyasının davamçıları olublar. Frazeologiyanın sərhədləri, əhatə dairəsi süni surətdə genişləndirilib. Hal-hazırda qovuşma, birləşmə və uyuşma idiomları kimi adlandırılan bölgü özünü doğrultmur.
Sonra məruzəçiyə suallar ünvanlanıb, iştirakçılarla birlikdə fikir mübadiləsi aparılıb. Seminar müzakirələrlə yekunlaşıb.