Professor Mikayıl Cəfərovun elmi seminarı
BDU-nun Filologiya fakültəsinin Rus dili kafedrasında “Rus dilində söz birləşmələrinin öyrənilməsi ilə bağlı linqvometodik problemlər” mövzusunda elmi seminar keçirilib.
Mövzu ilə bağlı məruzə edən professor Mikayıl Cəfərov qeyd edib ki, nitq fəaliyyətini təmin edən dil vasitələrinin leksik və sintaktik parametlərini müəyyənləşdirmək üçün onların bir-biri ilə birləşmə xüsusiyyətlərini araşdırmaq lazımdır. Belə yanaşma söz birləşmələrinin öyrənilməsi üçün zəruridir. Rus dilində söz birləşmələri elementar sintaktik dil vahidləri qismində təyin edilir. Müasir dövrdə ölkələrarası inteqrasiyanın aktuallaşması ilə əlaqədar olaraq kommunikasiya proseslərinin genişlənməsi dillərin ünsiyyət vasitəsi kimi əhəmiyyətini artırır, onların tərkibini zənginləşdirir. Təsadüfü deyil ki, dillərin öyrənilməsində kommunikativ aspektin ön plana çəkilməsi vacib sayılır. Nəzərə alsaq ki, dilin kommunikativ funksiyasını cümlələr və onların tərkibini təşkil edən söz birləşmələri yerinə yetirir, onda bu vahidlərin əhəmiyyətli olmasını ehtiraf etməliyik. Həmçinin onu da qeyd etmək lazımdır ki, söz birləşmələri daxilində müxtəlif növ sözlərarası əlaqələr və münasibətlər bu dil vahidlərinin əmələgəlməsi və funksiyasını müəyyən qaydalar əsasında tənzimləyir. Buna görə də tələbələr üçün münasib çalışmalar sistemini yaradıb istifadə etmək lazımdır.
Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ətrafında çıxışlar edilib. Seminar müzakirələrlə başa çatıb.