Professor Mətanət Abdullayevanın elmi seminarı
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının təşəbbüsü ilə “Müəllim şəxsiyyət yetişdirərək də cəmiyyətin mənəvi-əxlaqı bazasını düzləndirmiş olur” mövzusunda elmi seminar keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Mətanət Abdullayeva mövzu ilə bağlı çox maraqlı və geniş məlumat verib. Çıxış zamanı məruzəçi şəxsiyyət və cəmiyyətin qarşılıqlı münasibətlərinin yüksək inkişaf səviyyəsinə nail olunmasının, hər şeydən əvvəl, təhsilin keyfiyyəti ilə bağlı olduğunu qeyd edib. Məruzəçi təhsilin keyfiyyətinin müəllim faktoru ilə tənzimləndiyini, müəllimin şəxsiyyətinin isə bütöv insan olduğunu aşağıdakı şəkildə əsaslandırıb: “Müəllim o kəs deyil ki, öyrədir, müəllim o kəsdir ki, ondan öyrənirlər. Şəxsiyyəti bütöv olan insandan öyrənirlər. Şəxsiyyətin bütövlüyü dünyanı dərk problemi ilə bağlıdır. Bu isə maddi ilə mənəvinin, materiya ilə ruhun – rasionalla irrasionalın vəhdətini anlamaqla mümkündür. Rasional bilik intellekt, mühakimə, analiz və s. kimi ağıl kateqoriyaları ilə öyrənilən subyekt-obyekt münasibətlərinin özünə və onların zahiri tərəfinə aiddir. İrrasional bilik varlığın subyekt və obyekt haçalanmasına qədərki təcrübəsi, həmçinin belə haçalanmadan yaranan münasibətlərin batini tərəfidir. Şəxsiyyətləri və yaradıcılıqları dahilik plankasını aşan müdriklərin bizə “həqiqi elm nədir və həqiqi elmə necə yiyələnmək olar” – problemini anlamağımız üçün təlimat olaraq qoyduqları yaradıcılıqlarını biz hələ də sadəcə poetik fikrin zirvəsi kimi qəbul edirik. Biz hələ də forma gözəlliyinə aludəlik içində yaşayırıq. Füzuli ona görə də belə demişdi:
Elə gizlənməmişdir ki, həqiqət sirri gözlərdən
Ki, açsın hikmət əhli əql üzündən bu müəmmanı”.
Mətanət Abdullayeva çıxışını “bilik bilik xətrinə deyil, həyat naminə olmalıdır” fikri ilə yekunlaşdırıb. Sonra seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, məruzə ilə bağlı təəssüratlarını bölüşüblər.