Professor Mətanət Abdullayeva “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının təqdimatında iştirak edib
Xəzər Universitetində Elm və Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi-metodik jurnalının və “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Dil siyasəti və milli kimlik: Tarixi irs, müasir yanaşmalar” adlı xüsusi buraxılışının təqdimatı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra açıq elan olunub. Dillər və ədəbiyyatlar departamentinin Dillər bölməsinin koordinatoru, fil.f.d. Sevinc Qəmbərova tədbir iştirakçılarını salamlayaraq təşkil olunmuş elm ziyafətinin gənclər üçün əhəmiyyətindən bəhs edib.
Təqdimat mərasimində Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan müavini Pərvin Kərimova, jurnalın baş redaktoru vəzifəsini icra edən Gülnar Əliyeva, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, professor İsmayıl Kazımov, Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva, Bakı Mühəndislik Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Zabitə Teymurlu və başqaları çıxış ediblər.
Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva jurnalın metodika sahəsindəki elmi əhəmiyyətini vurğulayıb, nəşrlə tanışlığını müsbət dəyərləndirib, gələcək elmi əməkdaşlıq imkanlarını yüksək qiymətləndirib.
Sonda təşkilatçılığıa görə Xəzər Universitetinin rəhbərliyinə təşəkkür edilib və xatirə şəkilləri çəkdirilib.