PROFESSOR MƏHƏRRƏM MƏMMƏDOV - 65
Qoca şərqin, o cümlədən Azərbaycanın ədəbi-fəlsəfi və elmi-pedaqoji fikir tarixində alim və müəllim hər zaman xüsusi diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, İslam Peyğəmbərimiz (s.ə.s) dəfələrlə öz kəlamlarında elm adamlarının bəşər tarixində və Tanrı qatında hansı yüksək dəyərə malik olmasına işarə etmişdir: “Alimlər dünyanın nuru, axirətin çırağıdırlar”, “Alimin mürəkkəbi şəhidin qanından üstündür”, “Alimə hörmət edən, mənə hörmət etmiş olar”, “Alimin başqa insanlardan üstünlüyü bədirlənmiş ayın başqa ulduzlardan üstünlüyü kimidir”...
Qədirbilən Azərbaycan xalqı və onun görkəmli tarixi şəxsiyyətləri də həmişə alim və müəllimə böyük qiymət vermişdir. Ümummilli liderimiz Heydər Əliyev çıxışlarının birində müəllim adını və şərəfini ən yüksək zirvəyə qaldıraraq bəyan etmişdir: “Müəllim adı dünyada ən yüksək addır. Məsələn, şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram... Sizə tövsiyə edirəm ki, müəllim adını həmişə yüksək tutasınız”. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur” fikri isə bu peşə sahiblərinə Azərbaycan cəmiyyətində dövlət başçısı səviyyəsində verilən yüksək dəyərin bariz nümunəsidir. Bu cür müdirk fikirlər alim və müəllimlərdə ruh yüksəkliyini daha da artırır və onları öz vəzifələrinə məsuliyyətlə yanaşmağa təşviq edir. Alim və müəllim adını şərəflə daşıyan belə ziyalılarımızdan biri - tanınmış dilçi-dialektoloq, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru professor Məhərrəm Əvəz oğlu Məmmədovun 2023-cü il oktyabrın 10-da 65 yaşı tamam olur.
Məhərrəm Məmmədov 1958-ci ildə Zərdab rayonunda anadan olmuşdur. 1965-1975-ci illərdə Göyçay şəhəri 6 saylı tam orta məktəbdə təhsil almışdır. Ümumtəhsil pilləsini bitirən kimi (1975) Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunmuş, 1980-ci ildə bu ali təhsil ocağını “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə uğurla başa vurmuşdur.
Universitetdən məzun olduqdan sonra, ömrünü hələ yeniyetməlikdən vurğunu olduğu müqəddəs müəllimlik peşəsinə bağlayan Məhərrəm Məmmədov 1981-1985-ci illərdə İsmayıllı rayonunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Lakin Məhərrəm müəllimin elmə olan xüsusi marağı, özəlliklə də dilimizin sirlərini, dilçiliyimizin problemlərini araşdırmaq həvəsi və bacarığı qısa zamanda onu yenidən ölkəmizin elm mərkəzinə - Bakıya qaytarmışdır. 1986-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunda fəaliyyətə başlayan M.Məmmədov təxminən 10 il ərzində burada elmi işçi vəzifəsində işləmiş, həm də 1986-1989-cu illərdə bu elm ocağının əyani aspirantı olmuşdur.
Öz bilik və bacarığı ilə onlarla istedadlı gəncdən biri kimi görkəmli türkoloq, akademik Tofiq Hacıyevin diqqətini çəkən Məhərrəm Məmmədov 1998-ci ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində fəaliyyət göstərməyə başlayır. Ömrünün 25 ili bu ali təhsil müəssisəsi ilə bağlı olan Məhərrəm müəllim müxtəlif illərdə BDU-nun Türkologiya kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. 2023-cü ilin mart ayından etibarən həmin kafedraya rəhbərlik edir.
Professor M.Məmmədovun dilçilik görüşlərinin ağırlıq mərkəzində onun dialektoloji tədqiqatları dayanır. Belə ki, o, 1989-cu ildə “Azərbaycan dilinin Təbriz dialekti” mövzusunda namizədlik, 2006-cı ildə isə “Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları” adlı doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. Türkoloji dilçiliyə dair araşdırmalarına görə, 2006-cı ildə dosent, 2012-ci ildə isə professor elmi adlarına layiq görülmüşdür.
Məhərrəm Məmmədov elmə dilçi-dialektoloq kimi gəlmiş və təxminən 40 illik elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycan dili dialektlərinin tədqiqi və tədrisinə dair çox qiymətli əsərlər qələmə almışdır. Ötən yüzillikdə görkəmli türkoloq, professor B.Çobanzadə ilə təməli qoyulan, akademik M.Şirəliyev tərəfindən dilçiliyimizin müstəqil tədqiqat sahəsinə çevrilən Azərbaycan dialektologiyasının inkişafında müstəsna xidmətləri olmuş A.Vəliyev, M.İslamov, B.İbrahimov, R.Rüstəmov, K.Ramazanov, M.Cəfərzadə, S.Behbudov, T.Hacıyev, Z.Xasıyev, E.Əzizov... kimi tanınmış dilçi alimlərin yolunu layiqincə davam etdirən Məhərrəm müəllim “Azərbaycan dili şivələrində ismin mənsubiyyət kateqoriyası” (2000), “Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları” (2003), “Azərbaycan dilinin Təbriz dialekti” (2008), “Azərbaycan dialektologiyasına dair mühazirələr” (2011), “Azərbaycan dialektologiyası” (2019) adlı kitabların, habelə dialektologiyanın ayrı-ayrı məsələlərinə həsr olunmuş yüzdən çox elmi məqalənin müəllifidir. M.Məmmədov tərəfindən ilk dəfə Azərbaycan türkologiyasında cənub dialektlərimiz, xüsusilə Təbriz dialekti tədqiqata cəlb olunmuşdur. “Azərbaycan dilinin Təbriz dialekti”nin dilçiliyimizin əlamətdar hadisəsinə çevrilməsi ilk növbədə onunla bağlıdır ki, xarici (Almaniya, Polşa, Fransa, Yaponiya və Amerika) alimlərdən xeyli sonra da olsa da, ana dilimizin öz tədqiqatçısı da Təbriz dialektinin öyrənilməsini uğurla reallaşdırmış və bu işi özünəqədərki araşdırıcılarla müqayisədə professional şəkildə ərsəyə gətirmişdir. Professor E.Əzizov haqlı olaraq yazır ki, “cənubi Azərbaycanda istər tarixən, istərsə də hazırda işlənən ədəbi dilə yerli dialektlərin təsiri olmuşdur. Həmin prosesin necə getdiyini, ümumiyyətlə, ədəbi dilin dialekt əsası problemi ilə əlaqədar olaraq dilçiliyimizdə mövcud olan bir sıra mübahisələri həll etmək baxımından M.Məmmədlinin araşdırması etibarlı bir mənbədir və ... bu əsərlə cənubi Azərbaycan dialektlərinin öyrənilməsinin yeni mərhələsi başlayır”.
M.Məmmədovun dialektoloji araşdırmaları ilə ilk dəfə Azərbaycan dilinin əksər şivələrindən, eləcə də müəllifə qədər tədqiq olunmamış şivələrindən nümunələr tədqiqata cəlb olunmaqla ismin qrammatik kateqoriyaları sinxron və diaxron baxımdan monoqrafik planda öyrənilmişdir. Alimin doktorluq dissertasiyasında ilk dəfə olaraq ismin qrammatik kateqoriyalarının şivələrdəki formaları ümumiləşdirilmiş şəkildə araşdırılmış, hal izoqloslarının mikro və makroarealları, innovasiya mərkəzlərinin müxtəlifliyi türk dillərinin oğuz, qıpçaq, karluq-uyğur dilləri üzrə diferensiasiyası ilə izah olunmuş, hallanmanın fonetik xüsusiyyətləri dialekt nitqinin asan formalara meyilli olması və dil qanunauyğunluqları ilə əsaslandırılmış, dialekt faktlarınının tədqiqi müqayisəli-tarix metodla Ural-Altay dilləri arealında aparılmışdır.
Məhərrəm Məmmədov həm də son illər dilçiliyimizdə geniş vüsət almış dialektoloji hərəkatın aparıcı simalarından biridir. Belə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət dili ilə bağlı müvafiq sərəncamlarından sonra, Azərbaycan dialektlərinin müasir elmi-texnoloji tələblər səviyyəsində tədqiqinə başlanılmış və mərhum akademik Tofiq Hacıyevin irəli sürdüyü ideya əsasında böyük bir layihəyə - “Bütöv Azərbaycanın dialektoloji atlası” layihəsinə start verilmişdir. Və bunun nəticəsi kimi qısa vaxt ərzində öncə Azərbaycan dilinin Naxçıvan, sonra isə Qarabağ və Şərqi Zəngəzur şivələrinin yenidən araşdırılmasına başlanılmış və proses uğurla başa çatdırılmışdır. Bu baxımdan AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyi və bir qrup dilçi-dialektoloqun gərgin əməyi sayəsində ərsəyə gəlmiş “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” (2015), “Azərbaycan dilinin Naxçıvan dialektoloji lüğəti” (2017) və “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” (2022) adlı qiymətli elmi əsərlərin həmmüəlliflərindən biri kimi Məhərrəm müəllimin adı Azərbaycan dialektologiyası tarixinə ədəbi həkk olmuşdur.
Ümumən Məhərrəm Məmmədovun dialektoloji araşdırmalarının mühüm bir özəlliyi ondan ibarətdir ki, müəllif öz tədqiqatlarını ümumtürk kontekstində aparır: Azərbaycan dilinin dialekt faktları qədim və müasir türk dillərinin materialları ilə tarixi-müqayisəli planda öyrənilir. Bu baxımdan alimin elmi yaradıcılığı təkcə dilimizin dialektlərinin tədqiqi ilə məhdudlaşmır. Belə ki, elmi fəaliyyətlə yanaşı, BDU-nun Türkologiya kafedrasında türkoloji dilçiyə dair fənlərdən tədris aparan Məhərrəm müəllimin sırf bu istiqamətdəki araşdırmaları da maraq doğrur: “I Türkoloji qurultayda Altay dilləri məsələsi”, “Krım-tatar dilində oğuz xüsusiyyətləri”, “Türk dilçiliyində urum dilinin mənşəyi problemi”, “Bəkir Çobanzadə və Ural-Altay dilləri nəzəriyyəsi”, “Y.Seyidov və dil tarixi məsələləri” və s. elmi məqalələrində türkoloji dilçiliyin aktual problemləri ilə bağlı müəllifin səsləndirdiyi mülahizələr dilçi-türkoloqlar üçün etibarlı mənbələrdən sayılır. Pedaqoji fəaliyyəti Türkologiya kafedrası ilə bağlı olan Məhərrəm müəllim bu istiqamətdə bir çox metodik göstəriş və proqramların da müəllifidir:
a) metodik göstərişləri: “Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları”; “Türkologiyaya giriş”.
b) proqramları: “Mətnşünaslıq”, “Linqvistik mətnşünaslıq”, “Altayşünaslığın əsasları”, “Cənubi Azərbaycan dialektləri”, “Türk dilçiyinin əsasları”, “Güney Azərbaycan şivələri”, “Türk dillərinin öyrənilməsi tarixi”.
M.Məmmədovun türkoloji dilçiliyə, xüsusilə dialektologiyaya dair araşdırmaları təkcə ölkəmizdəki dərgilərdə deyil, beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan nüfuzlu elmi jurnallarda da nəşr olunmuşdur. Həmçinin tanınmış dialektoloqun Türkiyə, Rusiya, Ukrayna və Orta Asiya ölkələrində keçirilmiş müxtəlif beynəlxalq elmi konfranslarda aktual mövzulara həsr olunmuş məruzələri xarici türkoloqlar tərəfindən də maraqla qarşılanmışdır.
Məhsuldar yaradıcılığa malik olan M.Məmmədov həm də bir çox elmi, tədris-metodiki şuraların və komissiyaların üzvü kimi nümunəvi fəaliyyəti ilə də seçilir. Belə ki, o bir müddət AAK-ın filologiya elmləri üzrə ekspert şurasının, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunda Dissertasiya Şurasının üzvü olmuş (hazırda şurada fəaliyyəini davam etdirir), on ildən çox BDU-nun Filologiya fakültəsinin Tədris-Metodik Şurasına rəhbərlik etmişdir. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
Həyatının 40 ildən çoxunu pedaqoji fəaliyyətə həsr edən M.Məmmədov şux və səliqəli geyimi, sadə, ancaq rəsmi danışıq tərzi, ümumiyyətlə, əsil müəllimə xas davranışları ilə tələbələrin sevimli müəlliminə çevrilmişdir. Bu gün də gənclik enerjisi ilə auditoriyaya daxil olan Məhərrəm müəllimin mühazirələrinə tələbələr maraqla qulaq asır, onun səsləndirdiyi faktları və mülahizələri yorulmadan dinləyir, yeri gəldikcə, bu dəyərli müəllimin görüşləri ilə polemika aparmaqdan çəkinmirlər. Dərs zamanı tələbələrin müstəqil fikir yürütmələrinə xüsusi önəm verən Məhərrəm müəllim bilik və bacarığı ilə diqqət çəkən gəncləri elmi fəaliyyətlə məşğul olmağa həvəsləndirir.
Məhərrəm müəllim həm də gənc tədqiqatçıların yaxın dostu və yolgöstərənidir. Elmi yaradıcılıqla məşğul olmaq istəyən tələbələrinə rəhbərlik etməkdən çəkinməyən bu zəhmətkeş alim öz magistrantlarının və doktorantlarının işlərinə heç zaman laqeyd yanaşmır, istedadlı, bacarıqlı gənclərlə tez-tez söhbətlər aparır, yeri gələndə mənəvi ata kimi öz səlahiyyətləri və əlaqələri çərçivəsində onların qayğılarının həllinə dəstək olmağa çalışır. Dissertasiya işlərinin müzakirə və müdafiələrindəki çıxışlarında da o, iddiaçılar arasında fərq qoymur: cəmiyyətdə tutduğu ziyalı mövqeyinin məsuliyyətinə həssaslıqla yanaşan Məhərrəm müəllim özünəxas alim etikası ilə elmdə kövrək addımlarını atan gənclərin qəlbini qırmadan, incitmədən dissertasiya işi və onun müəllifi barəsində haqlı və qərəzsiz qeydlərlə çıxış edir.
Elmi-pedaqoji fəaliyyəti dövründə onlarla doktoranta və dissertanta rəhbərlik etmiş, saysız-hesabsız tələbənin rəğbətini qazanmış Məhərrəm müəllimə göstərilən ən böyük etimad, ilk növbədə, məsləkdaşları və yetirmələrinin güvənini qazanmasıdırsa, digər tərəfdən onun Türkologiya kafedrasına rəhbərlik etməsidir. İnanırıq ki, görkəmli sələflərindən sonra BDU-nun Türkologiya kafedrasının müdiri olmaq kimi şərəfli və məsul missiyasını öz üzərinə götürən Məhərrəm Məmmədovun rəhbərliyi dövründə kafedraya yeni nəfəs gələcək və onun əvvəlki nüfuzu daha da güclənəcəkdir.
Məhərrəm müəllimi əlamətdar yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, yaradıcılığının müdrik çağında ona möhkəm cansağlığı, Azərbaycan türkologiyasının, ümumən elmimizin və təhsilimizin inkişafı naminə görəcəyi işlərdə böyük uğurlara imza atmasını arzulayırıq. Yubileyiniz mübarək, əziz müəllimimiz!
PƏRVİN EYVAZOV, RAMİL BAYRAMOV
BDU-nun “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri
KÖNÜL EYVAZOVA
BDU-nun Türkologiya kafedrasının doktorantı