Professor Leyla Gərayzadə: “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli cinayətlərdən biridir”.
“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.
1994-cü il martın 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalamışdır. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunmuş, bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Azərbaycan xalqı 200 ildən artıq müddətdə öz taririxi torpaqlarında erməni millətçi-şovinistlərinin soyqırımı siyasətinə məruz qalmışdır. Doğma yurdlarından qovulmuş, qaçqınlıq və məcburi köçkünçülüyə məhkum edilmiş, ermənilər tərəfindən kütləvi qırğınlara məruz qalmışdır. 1918-ci ildə tərkibi, əsasən, ermənilərdən ibarət olan Bakı Kommunasının himayəsi ilə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi ilə yırtıcı plan həyata keçirildi. On minlərlə dinc əhali qətlə yetirildi, yaşayış məntəqələri, tarixi və mədəniyyət abidələri, məscidlər və məktəblər dağıdıldı. Azərbaycanın əksər ərazilərində də ermənilər dinc azərbaycanlı əhaliyə divan tutdular. Azğın ermənilərin bu yırtıcı şovinist siyasəti sovet dövründə də davam etmişdir. 1920-ci illərdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur heç bir əsas olmadan Ermənistana verildi və beləliklə, qədim Azərbaycan torpağı Naxçıvan Vətənimizin qalan hissəsindən ayrı salındı, Dağlıq Qarabağda erməni muxtariyyəti yaradıldı. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı ailəsi yurdlarından qovulmuş, deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Dağlıq Qarabağda sərbəst planlar quran ermənilər öz utopik xəyallarını reallaşdırmaq üçün Azərbaycanın hər yerində kiçik iğtişaşlara təşkil etməyə başlayır. Ermənistan Dağlıq Qarabağı hər hansı yolla olursa-olsun, özünə birləşdirmək üçün bütün cinayət və vəhşiliklərə hazır idi. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı, məhz, erməni aqressiyasının və cinayətkar siyasətinin dəhşətli nəticəsidir. Xocalı soyqırımı tək Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş ən dəhşətli cinayət və vəhşiliklərdən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlahm Əliyev Xocalı soyqırımı ilə bağlı çıxışlarının birində erməni aqressiyasını belə ifadə etmişdir: “Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü, meyidləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur”.
Xocalını viran etməkdə Ermənistanın məqsədi Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər olan tarix və mədəniyyət ənənələrini yer üzündən silmək idi. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və başqa tarixi abidələri, qədim məişət əşyaları insan sivilizasiyasının bütün inkişaf dinamikasını özündə cəmləşdirən nümunələr idi. Bunlarla bərabər, dünyanın heç bir yerində olmayan vandalizm, Xocalı qəbiristanlığının darmadağın edilməsi, yalnız Azərbaycan mədəniyyətinə deyil, həmçinin, dünya mədəniyyətinə qarşı törədilən vandalizm aktı idi.
Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış o dəhşətli gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmş 366-cı motoatıcı alayın zirehli texnikasının və əksəriyyəti ermənilərdən olan hərbçilərin köməyi ilə Xocalı sakinlərinə qarşı amansız qətliamı törətmiş, qədim Azərbaycan şəhərini viran qoymuşlar.
Erməni silahlıları əvvəlcə Xocalını toplardan və digər hərbi texnikalardan şiddətli atəşə tutaraq darmadağın etmiş, sonra isə piyada cəlladlar bir neçə istiqamətdən şəhərə girmiş, sağ qalmış sakinlərə vəhşicəsinə divan tutmuş, onları diri-diri yandırmışlar.
Həmin gün qısa bir vaxt ərzində erməni silahlı dəstələri şəhərin dinc əhalisindən 613 nəfəri qəddarcasına, ağır işgəncə verməklə məhv etmiş, 421 nəfərə ağır xəsarət yetirmişlər. Qətlə yetirilən əhalinin böyük əksəriyyəti qocalar, qadınlar və uşaqlardan ibarət olmuşdur.
Yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri mühasirədən çıxmağı bacarmış dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir hissəsini minalamışlar.
Bu zaman 1275 nəfər itkin düşmüş və girov götürülmüş, 10 min əhalisi olan şəhər talan edilmiş, tikililər dağıdılmış və yandırılmışdır. Onlardan 150 nəfərinin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu gün də məlum deyildir. Faciə nəticəsində 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. 487 nəfər şikəst edilmişdir. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır.
Bu hərbi-siyasi cinayət nəticəsində 6 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.
Təsəvvür etmək belə çətindir ki, XX əsrin sonunda tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik insan tərəfindən törədilmiş, dünyanın gözü qarşısında baş vermişdir… Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və dəstəyi sayəsində Azərbaycan Xocalı soyqırımının dəhşətlərini, erməni vəhşiliklərini bütün dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə genişmiqyaslı layihələr reallaşdırmışdır. Bu gün dünyanın bir çox ölkələrində Xocalı soyqırımı tanınır və Ermənistanın işğalçı siyasəti hiddətlə qarşılanır.
Hər il Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir. Bu anım tədbirlərində Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan münaqişələrinin tarixinə aid sənədli filmlər nümayiş etdirilir, foto və rəsm sərgiləri təşkil olunur, tədbir iştirakçılarına ermənilərin vəhşilikləri əks etdirilən materiallar, kitablar, fotoalbomlar, video-disklər təqdim edilir.
Bu istiqamətdə “Xocalıya ədalət” beynəlxalq təbliğat kompaniyası dünyada Xocalı faciəsinin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanınması üçün həyata keçirilən ən mühüm layihələrdən biridir. Bu kampaniya 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Əlaqələndiricisi, Rusiya-Azərbaycan Gənclər Təşkilatının Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində təşkil edilən tədbirlərdə əsas diqqəti kütləvi qırğınlara, etnik təmizləmə və irqi, dini ayrı-seçkilik hallarına qarşı müqaviməti nümayiş etdirməyə, Xocalıda azərbaycanlılara və Azərbaycan mədəniyyətinə qarşı törədilmiş cinayət və vandalizmə cəzasızlıq halları ilə mübarizəyə yönəltmişdir.
Kampaniya bir çox ölkələrdə bu günlərdə də səmərəli şəkildə fəaliyyət göstərir. Ən yaxın günlərdə Parisdə, Moskvada və ABŞ-ın bəzi şəhərlərində “Xocalıya ədalət” kampaniyası Xocalı soyqırımı qurbanlarının anım tədbirlərini keçirmişdir.
LEYLA GƏRAYZADƏ
BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının professoru