Professor İlhamə Hacıyeva Zəfər Gününə həsr olunmuş tədbir təşkil edib
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyevanın rəhbərliyi ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Dəmir yumruq” adlı dərs - tədbir təşkil olunub. Tədbirdə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri, həmçinin I və II Qarabağ müharibəsi iştirakçıları, qəhrəman qazilərimiz - Ceyhun Ağayev, Qalib Zəfərov, Ramil Şirinov, Amil Mirzəliyev iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Professor İlhamə Hacıyeva tədbiri açıq elan edərək, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğullarımızın göstərdiyi şücaət nəticəsində qazandığımız şanlı Zəfər haqqında danışıb.
Sonra qazilərimiz öz şərəfli döyüş yollarından, müharibənin ağır şərtlərindən, şəhid yoldaşlarının fədakarlıqlarından söz açıblar.
Tədbir tələbələrin çıxışları və təqdimatları ilə davam edib. Aprel və Tovuz döyüşləri ilə bağlı videoçarx izlənilib, Cənab Prezidentimiz İlham Əliyevin Qarabağla bağlı beynəlxalq konfranslarda səsləndirdiyi çıxışları dinlənilib. Hüquq fakültəsinin I kurs, 1636 və 1646-cı qrup tələbələri Bakı Dövlət Universitetinin şəhid məzunları - Nicat Əhmədov, Cavid Manafov, Nadir Nadirli, Tural Eyyubov, Rəhim Hüseynov və Hüseyn Quliyevin həyat yolu haqqında məlumat verib, vətənpərvərlik ruhunda şeirlər səsləndirib, mahnılar ifa ediblər.