Professor İlhamə Hacıyeva Polis Akademiyasının kursantlarına mühazirə oxuyub
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, filologiya elmləri doktoru, professor İlhamə Hacıyeva Polis Akademiyasının kursantlarına “Dil siyasəti” mövzusunda mühazirə oxuyub.
Nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq, kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübi vərdişlərinin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə təşkil olunan mühazirədə Dil hazırlığı kafedrasının müəllimləri də iştirak ediblər.
“Dil siyasəti” mövzusunda geniş məruzə edən professor İlhamə Hacıyeva dilin cəmiyyət və dövlət həyatında rolundan danışıb, millət və dövlət quruculuğunda dil siyasətinin əhəmiyyəti haqqında məlumat verib. Bildirib ki, Azərbaycanda dil quruculuğu yönündə baş verən köklü dəyişikliklər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır və bu gün həmin şərəfli yolu müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev uğurla davam etdirir.
Mühazirə kursantaların iştirakı ilə düzgün ünsiyyətə dair məqamlarlarla bağlı müzakirə formasında davam edib. Sonra professor İlhamə Hacıyeva kursantların suallarını cavablandırıb, mövzuya dair onların fikirlərini dinləyib.
Mühazirə qarşılıqlı müzakirələrlə yekunlaşıb. Maraqlı çıxışına görə iştirakçılar qonağa təşəkkürlərini bildiriblər.