Çinşünas alim Aqşin Əliyevin elmi seminarı
BDU-nun Filologiya fakültəsində «Türkoloji araşdırmalar» ETL-in və Türkoloji dərnəyin təşkilatçılığı ilə Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, Çin İctimai Elmlər Akademiyasının dəvətli alimi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin “Qədim Çin salnamələrində türk xalqları haqqında məlumatlar və İpək yolu üzərində Türk-Çin dillərinin çarpazlaşma prosesi” adlı elmi seminarı keçirilib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Aqşin Əliyevin fəaliyyəti haqqında məlumat verərək, onun azərbaycanşünaslığın Çində təbliği istiqamətində gördüyü işlərdən, əldə etdiyi uğurlardan danışıb, fakültənin dəvətini qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirib.
“Qədim Çin salnamələrində türk xalqları haqqında məlumatlar və İpək yolu üzərində türk-Çin dillərinin çarpazlaşma prosesi” adlı məruzə ilə çıxış edən Aqşin Əliyev qədim Çin mənbələrində türk xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri və dilləri haqqındakı mövzulardan bəhs edən bəzi kitablar və onların türkologiya elmi üçün əhəmiyyətindən söz açıb, Dunhuanq şəhərində Moqao mağaralarından tapılmış türkdilli əlyazmalar barəsində geniş məlumat verib.
Çində yaşayan türk xalqlarının müasir vəziyyətinə, türkologiyanın inkişafı istiqamətində görülən işlərə toxunan məruzəçi hazırda əldə olunan çoxsaylı Çin mənbələrində türklər haqqındakı məlumatların öyrənilməsinə və həmin əlyazmaların türkoloqlar tərəfindən araşdırılıb elmi ictimaiyyətə təqdim olunmasına ciddi ehtiyac duyulduğunu diqqətə çatdırıb. Bildirib ki, bu baxımdan humanitar sahədə tədqiqat aparan mütəxəssislərin, xüsusilə gənclərin digər xarici dillərlə yanaşı, Çin dilinin öyrənilməsinə də maraq göstərməsi mühüm məsələlərdən biridir. Ona görə də gələcəkdə bu sahəyə marağı olan gənc tədqiqatçılara geniş imkanların yaradılması və universitetlərarası əlaqələrin gücləndirilməsi təşəbbüslərinə dəstək verilməlidir.
A.Əliyev həmçinin İpək yolu üzərində çarpazlaşan dillərdən və bu problemin tədqiqinin dilçilik elmi üçün əhəmiyyətindən bəhs edərək, Çin və Türk dillərində müxtəlif səviyyələrdə, xüsusilə leksik bazada lüğəvi vahidlərin mübadiləsinə diqqət çəkib, Çin dilində türk, Türk dillərində Çin mənşəli leksik vahidlərin işlənmə arealı və imkanlarını tarixi-müqayisəli aspektdə təhlil edib.
Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ilə bağlı çıxışlar edilib.
“Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov məruzədə qeyd olunan bəzi məqamlara toxunaraq, vaxtilə dünya elminin əsas mərkəzlərindən olan Çində və Türk dünyasında bu gün türkoloji araşdırmaların qarşılıqlı mübadilə imkanlarının genişləndirilməsini vacib cəhətlərdən biri hesab edib. Bildirib ki, Azərbaycan dilinin və ədəbiyyatının Çində təbliği işinə dəstək verilməklə yanaşı, türklər haqqında mühüm məlumatları özündə əks etdirən Çin mənbələrinə azərbaycanlı türkoloqların da diqqətini çəkmək bu sahənin prioritet istiqamətlərindən biridir.
Sonda Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Mehriban Əlizadə məruzəçinin çıxışını yüksək qiymətləndirib və fakültə dekanı adından ona “Təşəkkürnamə” təqdim edib.