Pedaqoji təcrübə keçən tələbəmiz açıq dərs təşkil edib
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Günel Əliyevanın Yasamal rayonu 53 saylı tam orta məktəbin 6c sinfində “Azərbaycan dili” fənnindən “Mete xaqan. Mübtədanın cümlədə yeri” mövzusunda açıq dərsi keçirilib. Açıq dərsdə təcrübə rəhbəri, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva və məktəbin fənn müəllimləri iştirak ediblər.
Fəal dərsin tələblərinə uyğun olaraq, motivasiya mərhələsində tarix fənni ilə inteqrasiya edilməklə Çin səddi haqqında videoçarx nümayiş etdirilib. Günel Əliyeva soykökümüz, türkçülük ideyaları, ortaq türk abidələri və tarixi şəxsiyyətləri haqqında məlumat verib, şagirdlərə türkçülüklə bağlı nəğmələri məşhur olan Araz Elsəsin ifasında “Atlar” mahnısını dinlədib. Həmçinin təcrübəçi tələbə dil qaydaları ilə bağlı krossvordlar hazırlayaraq cütlərlə iş təlim formasından istifadə edib.
Qiymətləndirmə mərhələsində isə aforizmlər, atalar sözləri və bədii əsərlərdən seçilmiş nümunələr, eyni zamanda ağac şəkli lövhəyə əks etdirilib, şagirdlərin cavabları əsasında alma formalı kağızlarla düzgün cavablar lövhəyə yapışdırılıb.
İnteraktiv üsulla baş tutan açıq dərs şagirdlərin fəallığı ilə diqqəti çəkib. Sonra təcrübə rəhbəri Rəhilə Quliyeva və fənn müəllimləri dərsin keyfiyyətini müzakirə edərək, tələbəyə öz tövsiyələrini veriblər. Dərsin gedişi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.